Azərbaycan hərbçiləri İordaniyada beynəlxalq təlimə qatılıblar
20 İyul 2026 15:44   Paylaş

Azərbaycan Ordusunun xüsusi təyinatlıları İordaniya Haşimilər Krallığında keçirilən Terrorla Mübarizə və Xüsusi Əməliyyatlar üzrə “Zülfüqar” birgə hərbi təlimində iştirak edirlər.

"Stabil.az" bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, hərbi əməkdaşlıq və təlim proqramları çərçivəsində keçirilən təlimdə ölkəmizlə yanaşı, İordaniya Silahlı Qüvvələri - Ərəb ordusu Kral Abdullah II Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının şəxsi heyəti, eləcə də Türkiyənin və Pakistanın xüsusi təyinatlıları iştirak edirlər.

Pilotsuz uçuş aparatlarından (PUA), müasir hərbi texnikadan və sistemlərdən istifadə edilməsi nəzərdə tutulan birgə təlimlərin ssenarisinə müxtəlif əməliyyat şəraitini simulyasiya edən bir sıra taktiki fəaliyyətlər daxildir.

İştirakçılar yaşayış məntəqələrində döyüş, girovların xilas olunması və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək, həmçinin müxtəlif çaplı silahlardan istifadə etməklə praktiki atışları yerinə yetirəcəklər.

Təlimin məqsədi bölmələrin əməliyyat imkanlarının artırılması, xüsusi təyinatlıların döyüş qabiliyyətinin inkişaf etdirilməsi, iştirakçı qüvvələr arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsi, eləcə də xüsusi əməliyyatlar sahəsində təcrübə mübadiləsinin təmin olunmasıdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol