Azərbaycan Gürcüstanın regionda etibarlı tərəfdaşı kimi
7 Aprel 2026 16:47   07 Apr 2026 16:48 Paylaş

Aprelin 6-sı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfəri ilə yadda qaldı. Səfər çərçivəsində Azərbaycan dövlət başçısı Gürcüstan Prezidenti Mixail Kavelaşvili, eləcə də həmin ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşlər keçirdi.

"Stabil.az"ın məlumatına görə, Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqaz regionunda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimadın ən uğurlu nümunələrindən biri hesab olunur. Tarixi, coğrafi və siyasi yaxınlıq bu iki ölkə arasında əlaqələrin formalaşmasında mühüm rol oynasa da, müasir dövrdə münasibətlərin əsasını strateji tərəfdaşlıq və ortaq maraqlar təşkil edir.

Xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində əldə edilən nailiyyətlər Azərbaycan-Gürcüstan əlaqələrini daha da dərinləşdirib.

İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan arasında siyasi münasibətlər yüksək səviyyədədir. Hər iki ölkə regional və beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Bu siyasi dialoq münasibətlərin sabitliyini təmin etməklə yanaşı, yeni əməkdaşlıq istiqamətlərinin də müəyyənləşdirilməsinə şərait yaradır. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, Azərbaycan isə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipini açıq şəkildə ifadə edib. Bu qarşılıqlı dəstək regionda etibarlı tərəfdaşlıq modelinin formalaşmasına xidmət edir.

News about -   Azərbaycan Gürcüstanın regionda etibarlı tərəfdaşı kimi

İqtisadi əməkdaşlıq iki ölkə arasında münasibətlərin əsas sütunlarından biridir. Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Prezident İlham Əliyevin Tbilisiyə səfərini geniş işıqlandıran Gürcüstan mediasında Azərbaycan tərəfindən bu günə qədər Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulduğu xüsusi vurğulanıb.

Xüsusilə enerji və infrastruktur layihələrində Azərbaycan şirkətlərinin aktiv iştirakı müşahidə olunur. Gürcüstan vasitəsilə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTE) qaz kəməri kimi layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.

Dövlət başçısı İlham Əliyev Tbilisidə İrakli Kobaxidze ilə mətbuata bəyanatlarla çıxış edərkən bildirib: “Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir”.

News about -   Azərbaycan Gürcüstanın regionda etibarlı tərəfdaşı kimi

İki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın da sürətlə inkişaf etdiyini qeyd edə bilərik. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bu layihə Asiya ilə Avropa arasında alternativ nəqliyyat marşrutu kimi çıxış edir və Orta Dəhlizin əsas komponentlərindən biri hesab olunur. Azərbaycan və Gürcüstan bu layihə vasitəsilə ticarət dövriyyəsini artırmaqla yanaşı, regionun tranzit potensialını da gücləndirir. Son illərdə yük daşımalarının həcminin artması bu əməkdaşlığın uğurlu nəticələrindən biridir.

Bununla yanaşı, humanitar və mədəni əlaqələr də münasibətlərin mühüm tərkib hissəsini təşkil edir. Gürcüstanda yaşayan azərbaycanlı icması və Azərbaycanda yaşayan gürcü icması xalqlar arasında dostluq körpüsü rolunu oynayır. Təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq bu əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.

Hazırkı mərhələdə Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi gözlənilir. Bu münasibətlər təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün sabitlik və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Mövcud dinamika göstərir ki, bu strateji tərəfdaşlıq yaxın gələcəkdə də öz əhəmiyyətini qoruyacaq və yeni uğurlarla davam edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol