Azərbaycan çempionatında kişi və qadın boksçular yarışa başladı
22 Yanvar 2026 17:17   Paylaş

Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib

"Stabil.az" Boks Federasiyasına istinadən xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb və ardınca Dövlət Himni səsləndirilib.

Mərasimdə Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, ölkə boksunda son illər böyük nailiyyətlər əldə olunub: “Ötən ilin dekabrında yeni tarix yazıldı. Azərbaycanın 19 yaşlı boksçusu Sübhan Mamedov dünya çempionu tituluna yiyələndi və bununla həm ölkəmizdə, həm də dünyada ən gənc dünya çempionu oldu. Sevindirici haldır ki, bu il çempionatda gənclərdən böyük yaş kateqoriyasına keçən bir çox güclü idmançılar iştirak edir. Buna görə də yarışda böyük rəqabət olacaq. Çempionatın əhəmiyyəti ondadır ki, artıq ‘Los-Anceles-2028’ Yay Olimpiya Oyunları üçün seçimlər başlayır və milli komandanın heyəti formalaşdırılmalıdır. Əminəm ki, birgə səylərimiz nəticəsində Los-Anceles-2028-də xalqımızı qızıl medallarla sevindirəcəyik”.

S.Hüseynov həmçinin boksda infrastrukturun güclənməsi istiqamətində atılan addımları qeyd edib: “Ötən il Cənub Regional Boks Mərkəzi açıldı. Bu il isə Gəncə və Naxçıvanda infrastrukturun gücləndirilməsi planlaşdırılır. Qaliblər arasında Bakı ilə yanaşı, regionlarda yetişən idmançılar da kifayət qədərdir. Milli komandaların uğurlu çıxışı davam edəcək. Məşqçi və hakimlərin təlimlərinə də xüsusi diqqət ayrılacaq”.

Çempionatın supervayzeri Sid Ali Mokretari (Əlcəzair) Azərbaycan Boks Federasiyasına dəvət üçün təşəkkür edib və yarışın yüksək səviyyədə və ədalətli keçməsi üçün çalışacaqlarını bildirib.

Mərasimdən sonra çempionat rəsmi olaraq açılıb.

Boks Mərkəzində keçirilən yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparır. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edir.

Çempionatda qaliblərin adına yanvarın 28-də aydınlıq gələcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol