Avstraliya Ebola ilə mübarizəyə 5 milyon dollar vəsait ayırıb
4 İyun 2026 12:10   Paylaş

Avstraliya hökuməti Konqo Demokratik Respublikası və Uqandada Ebola qızdırmasının yayılmasına qarşı mübarizəyə dəstək məqsədilə 5 milyon Avstraliya dolları (təxminən 3,2 milyon ABŞ dolları) ayırıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonqun bəyanatında deyilir.

Sənədə əsasən, ayrılan vəsait Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həmçinin Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası vasitəsilə köçürüləcək.

"Maliyyələşdirmə dərman preparatlarının və lazımi tibbi avadanlıqların satın alınmasını təmin edəcək, sanitariya xidmətlərinə dəstək verəcək, xəstəliyin yayılmasının monitorinqini aparmağa və yerli səhiyyə sistemlərinin gücləndirilməsinə kömək göstərməyə imkan yaradacaq", - nazir vurğulayıb.

Konqoda sayca on yeddinci ebola alovlanması cari ilin mayın 15-də qeydə alınıb. Xəstəliyin ocağı İturi əyaləti olub. Konqo Səhiyyə Nazirliyinin məlumatına görə, eboladan təsdiqlənmiş ölüm hallarının sayı 60-a çatıb, təsdiqlənmiş yoluxma halları isə 344-ə yüksəlib. Ebola virusuna yoluxma halları İturi əyaləti ilə həmsərhəd olan Uqandada da qeydə alınıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol