Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir: Miqrantları nələr gözləyir?
Avropa İttifaqı (Aİ) uzun illərdir ki, qitənin əsas çağırışlarından biri olan miqrasiya böhranına köklü həll yolları axtarır.
"Stabil.az"ın məlumatına görə, iyunun 1-də Avropa Parlamenti, Avropa Komissiyası və Avropa ttifaqı Şurasının nümayəndələri Aİ-dən deportasiya prosesinin sürətləndirilməsini və bu prosesin sayının artırılmasını tənzimləyən, həmçinin miqrantların blokdan kənardakı xüsusi mərkəzlərə deportasiya edilməsinə icazə verən sazişin mətnini təsdiqləyiblər. Bu saziş hələ Avropa Parlamenti və Aİ Şurasında ratifikasiya olunmalıdır, yeni qaydalar isə iyunun 12-dən qüvvəyə minəcək genişmiqyaslı miqrasiya islahatının tərkib hissəsi olmalıdır.
Sazişin tərəfdarları bu addımı Avropanın öz sərhədləri üzərində nəzarəti bərpa etməsi üçün mühüm tarixi mərhələ kimi qiymətləndirirlər. Miqrasiya məsələləri üzrə komissar Maqnus Brunner sənədin mahiyyətini izah edərək qeyd edib ki, bu islahat ittifaqa kimin daxil olduğunu və kimin oranı tərk etməli olduğunu tam dəqiqliyi ilə müəyyən etməyə imkan verəcək.
Hazırda mövcud olan sistem Avropa rəsmiləri tərəfindən qeyri-effektiv hesab olunur. Avrostatın statistik məlumatlarına əsasən, hazırda müraciət edən miqrantların yalnız 27%-nə rəsmi sığınacaq verməkdən imtina edilir və bu imtinadan sonra belə, onların böyük hissəsi qitədə qeyri-qanuni şəkildə yaşamağa davam edir.
Yeni sənədin ən çox müzakirə və mübahisə doğuran bəndi miqrantların Avropa İttifaqına daxil olmadan, onun hüdudlarından kənarda yerləşən xüsusi mərkəzlərdə (filtrasiya düşərgələrində) yerləşdirilməsidir. Planlaşdırılan layihəyə əsasən, Aİ-yə daxil olmayan 8-10 dövlətdə belə mərkəzlərin yaradılması nəzərdə tutulur. Sığınacaq müraciətlərinə baxılma müddətində miqrantlar Avropaya buraxılmayacaq, məhz bu kənar düşərgələrdə saxlanılacaqlar.
Maraqlıdır ki, bu məqsədlə danışıqlar aparılan ölkələr sırasında Mərkəzi Asiya respublikalarının, xüsusən də Qazaxıstan və Özbəkistanın adları çəkilir. Avstriya, Danimarka, Almaniya və Yunanıstanın rəhbərlik etdiyi bu təşəbbüs, Qərb dövlətlərinin öz miqrasiya yükünü maliyyə kompensasiyası müqabilində digər inkişaf etməkdə olan ölkələrin üzərinə yıxmaq strategiyasını ortaya qoyur. Oxşar layihə daha əvvəl Böyük Britaniya tərəfindən Ruanda ilə sınaqdan keçirilmək istənsə də, ciddi hüquqi maneələrlə qarşılaşmışdı.
Saziş Avropa daxilində və beynəlxalq arenada kəskin tənqid olunub. İnsan hüquqları müdafiəçiləri və müxtəlif siyasi qüvvələr bu islahatın insan haqları sahəsində geriləməyə səbəb olacağını bildirirlər. Tənqidçilərin fikrincə, miqrantların hüquqi müdafiə mexanizmlərinin zəif olduğu üçüncü ölkələrə göndərilməsi onların elementar hüquqlarının pozulmasına, qeyri-insani rəftara və beynəlxalq konvensiyaların tapdalanmasına şərait yaradacaq. Sığınacaq axtaran şəxslərin kütləvi şəkildə deportasiya edilməsi və “filtrasiya” prosesinin şəffaflığı da ciddi şübhə doğurur.
Qeyd edək ki, Avropa İttifaqının yeni miqrasiya sazişi qitənin təhlükəsizlik və demoqrafik idarəetmə baxımından daha mühafizəkar bir xəttə keçdiyini göstərir. Yuxarıda bildirdiyimiz kimi, sənədin iyunun 12-də qüvvəyə minməsi üçün Avropa Parlamenti və Aİ Şurasında ratifikasiya olunması gözlənilir. Əgər bu islahat tam reallaşarsa, o, təkcə Avropanın daxili siyasətinə deyil, həm də Mərkəzi Asiya kimi regionlarla olan geosiyasi münasibətlərə və qlobal insan haqları standartlarına dərindən təsir göstərəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





