ASCO-nun “Akademik Həsən Əliyev” gəmi-bərəsi təmir edildikdən sonra istifadəyə verilib
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmir olunub.
"Stabil.az" ASCO-ya istinadən xəbər verir ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.
Təmir müddətində gəminin sualtı və suüstü hissəsi, aşağı və yuxarı vaqon göyərtəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənib və rənglənib. Sükan və köməkçi qurğular, hərəkət mexanizmləri təmir olunub, avar valları saz vəziyyətə gətirilib, göyərtədə və maşın şöbəsində boru işləri görülüb. Eyni zamanda gəmidə elektrik quraşdırma və avtomatika işləri aparılıb.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsində müasir avadanlıqlar quraşdırılıb. Bunlara 1 dəst girokompas “Standard-22 NX”, hava məlumatlarını qəbul edən “Navtex NX700” və 6 ədəd VHF tipli əl radiostansiyası daxildir. GPS və komanda yayım qurğularında da əsaslı təmir işləri aparılıb və gəmi tam işlək vəziyyətdə heyətə təhvil verilib.
Bundan əlavə, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.
Dəniz-sınaq yoxlamasından uğurla keçən gəmi-bərə Orta Dəhliz üzrə yükdaşımalara cəlb edilib. İlk səfəri Türkmənbaşı-Bakı limanı istiqamətində baş tutub.
Gəminin uzunluğu 154,5, eni 18,3 metrdir. Tam yükgötürmə qabiliyyəti 2425 ton olan gəmi-bərəyə eyni vaxtda 32 TIR və 28 dəmiryol vaqonu yükləmək mümkündür.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





