ASCO “Mingəçevir” gəmi-bərəsinin əsaslı təmirini yekunlaşdırıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Mingəçevir” gəmi-bərəsində aparılan əsaslı təmir işləri başa çatıb.
"Stabil.az" ASCO-ya istinadən xəbər verir ki, proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri təmir edilib. Bununla yanaşı, bərədə gövdə-qaynaq, boruquraşdırma, elektrik və avtomatika işləri yerinə yetirilib.
Gəmidə yeni "Navtex", "VHF" və "MF/HF" tipli stasionar radiostansiyalar quraşdırılıb, LAG, exolot və komanda yayım qurğularında isə əsaslı təmir-bərpa işləri aparılıb.
Gəminin sualtı və suüstü hissələri, maşın şöbəsi və baş göyərtəsi təmizlənərək rənglənib, heyətin yaşayış otaqları tamamilə yenilənib.
"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlərdən sonra dəniz sınaqlarını uğurla başa vuran gəmi-bərə yenidən istismara qaytarılıb.
Qeyd edək ki, "Mingəçevir" gəmi-bərəsinin uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 düyündür. Gəminin tam yükgötürmə qabiliyyəti isə 5985 ton təşkil edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





