Artemis II: 54 il sonra reallaşan tarixi uçuş - VİDEO
Bu gün 4 astronavtı daşıyan NASA raketi Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən Ay ətrafında 10 günlük missiya üçün buraxılıb. Bu, Artemis proqramının ikinci missiyasıdır və yarım əsrdən çox müddətdən sonra aşağı Yer orbitindən kənara ilk pilotlu uçuşdur. Bəs Artemis II missiyası nədir və heyətə kimlər daxildir.
"Stabil.az" mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edir:
Artemis II 1972-ci ilin dekabrında həyata keçirilmiş Apollo 17 missiyasından sonra Aya ilk pilotlu uçuş və yarım əsrdən çox müddətdə aşağı Yer orbitindən kənara ilk uçuşdur. Bu, NASA-nın Artemis Ay proqramının ikinci missiyasıdır və proqram çərçivəsində ekipajla həyata keçirilən ilk uçuşdur. Lakin missiya çərçivəsində Ay səthinə eniş nəzərdə tutulmayıb.
Belə ki, “Orion” kosmik gəmisi Ay orbitinə daxil olmayacaq, Ayın ətrafından dolanaraq onun cazibə qüvvəsinin təsiri ilə yenidən Yerə qayıdacaq.
Liftoff.
— NASA (@NASA) April 1, 2026
The Artemis II mission launched from @NASAKennedy at 6:35pm ET (2235 UTC), propelling four astronauts on a journey around the Moon.
Artemis II will pave the way for future Moon landings, as well as the next giant leap — astronauts on Mars. pic.twitter.com/ENQA4RTqAc
NASA uçuşun təxminən 10 gün davam edəcəyini nəzərdə tutur. Missiya qısa olsa da, onun olduqca intensiv olması planlaşdırılır. Startdan sonrakı ilk saatlardan etibarən ekipaj “Orion”un sistemlərini yoxlamağa başlayacaq və bütün uçuş həm gəmi, həm də komanda üçün böyük bir sınaq kimi planlaşdırılıb.
NASA üçün bu, proqramın növbəti mərhələlərindən əvvəl bütün sistemlərin əsas yoxlanışıdır. Artemis II “Orion”un insanlarla birlikdə uzaq kosmos uçuşlarına hazır olub-olmadığını göstərməlidir.
Artemis II missiyasının ekipajı isə dörd nəfərdən ibarətdir:
Komandir Rid Vayzman — Beynəlxalq Kosmik Stansiyada uçuş təcrübəsi var, kosmosda 165 gündən çox olub və NASA-nın astronavtlar ofisinə rəhbərlik edib.
Pilot Viktor Qlover — SpaceX Crew-1 missiyası çərçivəsində 168 gün kosmosda olub.
Missiya mütəxəssisi Kristina Kox — NASA-nın ən təcrübəli astronavtlarından biridir və qadınlar arasında ən uzun tək kosmik missiya rekorduna (328 gün) sahibdir.
Missiya mütəxəssisi Ceremi Hansen — Kanada Kosmik Agentliyinin nümayəndəsi.
Bu uçuş tarixi olacaq. Belə ki, Kox bu tip Ay missiyasında iştirak edən ilk qadın, Qlover ilk afroamerikalı, Hansen isə Aya uçacaq ilk kanadalı olacaq.

Bəs Artemis II ilə Artemis I arasındakı fərq nədər ibarət idi?
Artemis I pilotsuz uçuş idi. O, 16 noyabr 2022-ci ildə start götürərək insan həyatı üçün risk olmadan raket və gəminin əsas funksiyalarını yoxlayıb. Artemis II isə pilotludur. NASA bu dəfə eyni sistemləri insanlarla birlikdə sınaqdan keçirəcək.
Ekipaj həyat təminatı, rabitə, naviqasiya, enerji təminatı sistemlərini və “Orion”un ümumi işini yoxlayacaq. Uçuşun ilk günlərində ekipaj yüksək Yer orbitində qalacaq, sonra Aya doğru hərəkət edəcək, Ayın ətrafından dolanıb Yerə qayıdacaq.
Missiya zamanı ən vacib sınaqlardan biri saatda təxminən 40 min km sürətlə atmosferə daxil olmaqdır. Daha sonra kapsul 11 paraşütdən ibarət sistemlə yavaşladılacaq və eniş zamanı sürət təxminən 32 km/saata qədər azalacaq.
Növbəti mərhələ Artemis III
Əgər Artemis II uğurla başa çatarsa, növbəti mərhələ Artemis III olacaq və NASA onu 2027-ci ilə planlaşdırır.
Bu missiya çərçivəsində “Orion”un “SpaceX” və “Blue Origin” şirkətlərinin kommersiya aparatları ilə birləşməsi (docking) sınaqdan keçiriləcək. Məqsəd bu aparatların birlikdə təhlükəsiz işləyə bilib-bilmədiyini yoxlamaqdır.
Ay səthinə enişin isə 2028-ci ilə planlaşdırılan dördüncü missiya zamanı həyata keçirilməsi gözlənilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





