AQTA WUF13 çərçivəsində qida təhlükəsizliyinə nəzarəti gücləndirib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı iştirakçıların sağlam və təhlükəsiz qidalanmasını təmin etmək məqsədilə xüsusi nəzarət tədbirlərinə başlayıb.
"Stabil.az" bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinə istinadən məlumat verib.
Bildirilib ki, tədbirə hazırlıq çərçivəsində qonaqların yerləşdiriləcəyi hotellərin qida bloklarında qiymətləndirmələr aparılıb. Yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlarla bağlı obyektlərə icrası məcburi göstərişlər verilib və metodiki dəstək göstərilib. Təkrar qiymətləndirmələr nəticəsində nöqsanların aradan qaldırıldığı müəyyən edilib.
Bununla yanaşı, şəhər mərkəzində və hotellərə yaxın ərazilərdə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində, eləcə də iri ticarət mərkəzlərində ümumilikdə 300-ə yaxın obyektdə monitorinq aparılıb. Həmin müəssisələrdə sağlamlaşdırma tədbirləri həyata keçirilib.
Həmçinin Bakı Olimpiya Stadionu ərazisində fəaliyyət göstərəcək 2 keytrinq şirkəti, 28 ticarət və ictimai iaşə obyektində də mütəmadi nəzarət tədbirləri görülür və məhsulların tələblərə uyğunluğu qiymətləndirilir. Bütün menyular, xammal və məhsullar agentliklə razılaşdırılmaqla istifadə edilir. Etiketlərdə dolğun məlumatların əks etdirilməsi xüsusi diqqətdə saxlanılır.
“Daha operativ və çevik nəticələrin əldə olunması məqsədilə tədbir müddətində AQTA-nın tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək və məhsullar yerində müayinədən keçiriləcək. Tədbir müddətində agentliyin əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək”, - deyə məlumatda diqqətə çatdırılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





