Amazon tarixi rekorda imza atdı: bazar dəyəri 3 trilyon dolları keçib
4 Avqust 2026 15:37   Paylaş

Amazon şirkətinin səhmlərinin 4,61% bahalaşması nəticəsində bazar dəyəri təxminən 3,06 trilyon dollara yüksəlib.

"Stabil.az" Bloomberg-ə istinadən xəbər verir ki, Amazon bazar dəyəri 3 trilyon dollara çatan şirkətlərin “elit siyahısı”na daxil olub. Daha əvvəl bu həddi Nvidia, Alphabet, Microsoft və Apple keçib. Avqustun 3-nə olan məlumata görə, Nvidia-nın bazar kapitallaşması təxminən 5 trilyon dollar, Alphabet-in 4,57 trilyon dollar, Microsoft-un 3,63 trilyon dollar, Apple-ın isə 4,5 trilyon dollar təşkil edib.

Amazon-un bazar kapitallaşması ilk dəfə 2018-ci ildə 1 trilyon dollara çatıb. Şirkət 2 trilyon dollarlıq həddi isə 2024-cü ildə keçib.

Agentliyin məlumatına görə, son üç ay ərzində Amazon səhmləri satış təzyiqi altında olub. Buna investorların süni intellektə milyardlarla dollar xərcləməyi öhdəsinə götürən şirkətlərin səhmlərindən məyus olması səbəb olub.

Lakin Amazon-un 2026-cı ilin ikinci rübü üzrə hesabatında AWS bulud bölməsinin gəlirlərinin illik müqayisədə 37% artaraq 42,2 milyard dollara çatdığı açıqlanandan sonra investorların narahatlığı azalıb.

Şirkətin rüblük ümumi satışları 20% artaraq 200,6 milyard dollara yüksəlib. Amazon-un xalis mənfəəti isə bir il əvvəlki 18,2 milyard dollarla müqayisədə 62,6 milyard dollara çatıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol