AÇG-dən ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
Cari ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” blokundan gündəlik orta hesabla 323 min barel olmaqla ümumilikdə 59 milyon barel hasilat həyata keçirilib.
"Stabil.az" bp şirkətinə istinadən xəbər verir ki, altı ayda ACG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Hesabat dövründə “Çıraq” platformasından hasilat 19 min 300, “Mərkəzi Azəri”dən 88 min, “Qərbi Azəri”dən 73 min 300, “Şərqi Azəri”dən 45 min, “Dərinsulu Günəşli”dən 47 min, “Qərbi Çıraq”dan 24 min və “ACE”dən 26 min 400 barel olub.
İlin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 268 milyon dollar əməliyyat məsrəfləri və 733 milyon dollar əsaslı məsrəflər xərclənib.
AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksəkdəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı bu ilin birinci yarısında tamamlanıb.
“Dərinsulu Günəşli” ərazisində bir çox quyularda sualtı müdaxilə proqramı çərçivəsində əməliyyatlar davam edib, o cümlədən 5 quyuda sualtı müdaxilə işləri uğurla tamamlanıb, hazırda isə 6-cı quyuda işlər davam edir.
“Mərkəzi Azəri” platformasında hazırda həyata keçirilən “Mərkəzi Azəri Qaz Genişləndirilməsi” (CAGE) layihəsi üzrə işlər ilin birinci yarısında plana uyğun davam edib. Bu layihə çərçivəsində platformadakı mövcud 4 qazvurma kompressorunun daxili rotasiya blokları ve köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə modernləşdirilib. Bütün bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq yerinə yetirilib.
CAGE layihəsi “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyır və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulub. Layihənin icrası 2026-cı ilin yanvar ayında başlanıb. Layihə üzrə nəzərdə tutulmuş digər modifikasiyalar bu ilin avqust ayında “Mərkəzi Azəri” platformasında aparılacaq planlaşdırılmış profilaktik işlər proqramı zamanı həyata keçiriləcək. Bunun ardınca bütün qalan yekun işlər tamamlandıqdan sonra bu ilin sentyabrında layihə başa çatacaq.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. AÇG-də iştirak payları: bp (operator- 30,37%), SOCAR (35,30%), “MOL” (9,57%), “INPEX” (9,31%), “ExxonMobil” (6,79%), “TPAO” (5,73%), “ONGC Videsh” (2,92%).
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





