ABŞ və NATO Qrenlandiyada resursları izləmək üçün yeni qurum təklif edir
23 Yanvar 2026 13:00   Paylaş

ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte arasında Qrenlandiya üzrə əldə edilən çərçivə razılaşması ehtiyatların hasilatına nəzarət etmək üçün xüsusi qurumun yaradılmasını nəzərdə tuta bilər.

"Stabil.az" xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, adadakı yataqların kəşfiyyat hüquqlarına nəzarət edəcək qurum Çin və Rusiyanın Qrenlandiyada resurs hasilatında iştirakının qarşısını almaq məqsədilə yaradılacaq.

Bundan əlavə, razılaşmada Qrenlandiya ilə bağlı razılıq əldə edildikdən sonra Avropa İttifaqı və ABŞ-ın qarşılıqlı tariflərdən imtina edəcəyi də əksini tapıb.

Qeyd edilir ki, Tramp və Rüttenin görüşü Qrenlandiya üzrə mümkün razılaşmaların konturlarının hazırlanması ilə nəticələnib. Vaşinqton administrasiyası bundan əvvəl dəfələrlə Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyinin gücləndirilməsi və “Golden Dome” raketdən müdafiə sisteminin effektiv yerləşdirilməsi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

“Axios” portalının məlumatına görə, Rüttenin Trampa təqdim etdiyi saziş layihəsində Danimarkanın Qrenlandiya üzərində suverenliyinin qorunması və adanın müdafiəsi ilə bağlı 1951-ci il sazişinin şərtlərinin yenilənməsi nəzərdə tutulur. Bu, zərurət yaranacağı təqdirdə ABŞ-a adada hərbi bazalar və müdafiə zonaları yaratmaq imkanı verəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol