ABŞ Səudiyyə Ərəbistanına 9 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib
31 Yanvar 2026 09:36   Paylaş

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin mümkün satışını təsdiqləyib.

“Stabil.az” xəbər verir ki, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr çərçivəsində xarici ölkələrə silah və hərbi texnika tədarükünə cavabdeh olan Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Səudiyyə Ərəbistanı ABŞ-dən 730 ədəd “PAC-3 MSE” tipli idarəolunan zenit raketi və müvafiq avadanlıqların alınması ilə bağlı sorğu göndərib. Sövdələşmə Dövlət Departamenti tərəfindən bəyənilib və bununla bağlı rəsmi bildiriş ABŞ Konqresinə təqdim olunub.

Bəyanatda qeyd edilir ki, bu satış ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə uyğundur. Sənəddə vurğulanır ki, Ər-Riyada silah tədarükü regionda mövcud qüvvələr balansına təsir göstərməyəcək. Pentaqonun qiymətləndirməsinə görə, sövdələşmə ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına da mənfi təsir etməyəcək.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti üç ayrı müqavilə çərçivəsində İsrailə ümumilikdə 6,52 milyard dollar dəyərində potensial hərbi tədarükü təsdiqləmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol