4SİM və SOCAR Davos Forumunda enerji keçidi paneli keçirib
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Davosda Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda panel sessiya təşkil ediblər.
"Stabil.az" xəbər verir ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçirilən sessiyada sənaye və enerji sektorlarında süni intellekt, rəqəmsal texnologiyalar və Sənaye 4.0 həllərinin tətbiqi yolu ilə karbonsuzlaşmanın sürətləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və dayanıqlı inkişaf məsələləri müzakirə olunub. Sessiyada xüsusilə karbonsuzlaşması mürəkkəb olan sektorlar üçün Sənaye 4.0-a keçidin strateji əhəmiyyəti vurğulanıb.
SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev şirkətin əməliyyatlarda enerji səmərəliliyini artırmaq, istehsalın etibarlılığını və təhlükəsizliyini yüksəltmək üçün tətbiq etdiyi rəqəmsal həllər barədə məlumat verib.
DİF-in Müasir Texnologiyalar və İnnovasiyalar Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju George dövlət-özəl sektor əməkdaşlığının və qlobal tərəfdaşlıqların dayanıqlı enerji keçidində əhəmiyyətini vurğulayıb, rəqəmsal sənaye ekosistemlərinin inklüziv transformasiya üçün əsas şərt olduğunu bildirib.
“Honeywell” və “McKinsey & Company”nin nümayəndələri texnologiyanın tətbiqi, insan kapitalının inkişafı, xərclərin optimallaşdırılması və emissiyaların azaldılmasının süni intellekt əsaslı sənaye modellərində rolunu qeyd ediblər.
Sessiyanın sonunda Fariz Cəfərov süni intellekt və rəqəmsal texnologiyaların Azərbaycanın milli rəqəmsal iqtisadiyyat və enerji keçidi gündəliyi ilə uyğunluğunu vurğulayaraq, beynəlxalq əməkdaşlığın və qabaqcıl qlobal təcrübələrin ölkədə tətbiqinin dayanıqlı inkişaf üçün vacib olduğunu bildirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




