4 il: Rusiya-Ukrayna müharibəsinin iqtisadi nəticələri
Rusiya və Ukrayna arasında 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibənin 4 ili tamam oldu. Geridə qalan bu dövr ərzində minlərlə insan həlak olub, yaralanıb, evlərindən didərgin düşüb.
“Stabil.az”ın məlumatına görə, 4 ildir davam edən müharibə öz iqtisadi nəticələri ilə də diqqət mərkəzindədir.
Belə ki, Ukrayna hazırda ikiqat çağırışla üz-üzədir: bir tərəfdən Rusiya qüvvələrinə qarşı fasiləsiz, gündəlik müdafiəni maliyyələşdirmək, digər tərəfdən isə müasir Avropa tarixində ən bahalı milli bərpa prosesinə hazırlaşmaq.
Rusiyanın hərbi fəaliyyətlərinə qarşı müqavimət göstərmək son dörd il ərzində nəhəng və davamlı maliyyə vəsaiti tələb edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andriy Hnatov tərəfindən təsdiqlənmiş son rəqəmlərə görə, 2025-ci ildə genişmiqyaslı müharibənin bir günü ölkəyə orta hesabla 172 milyon dollara başa gəlib.
2024-cü ildə isə müharibənin gündəlik orta xərci təxminən 140 milyon dollar idi ki, bu da təxminən 23%-lik artım deməkdir.

Ukrayna ordusunun hazırkı əməliyyat xərcləri göstərir ki, əsgərlərin təminatı, sursatın alınması və innovativ döyüş texnologiyalarının tətbiqi daxil olmaqla digər zəruri ehtiyacları qarşılamaq üçün hər ay təxminən 5 milyard dollar tələb olunur.
Müqavimətin bu səviyyədə saxlanılması üçün Ukrayna ÜDM-nin 30%-dən çoxunu birbaşa hərbi büdcəyə yönəldir. Müqayisə üçün qeyd edək ki, sülh dövründə Avropa ölkələrinin əksəriyyəti tarixən NATO-nun müəyyən etdiyi 2%-lik baza hədəfini belə yerinə yetirməkdə çətinlik çəkib.
Bu cür həddindən artıq xərclər Ukrayna iqtisadiyyatını böyük təzyiq altına salır və ölkə faktiki olaraq tam müharibə rejimində fəaliyyət göstərir.
General-leytenant Hnatov açıq şəkildə xəbərdarlıq edib ki, ölkə bu maliyyə yükünə təkbaşına davam gətirə bilməz və Qərbin davamlı maliyyə yardımı iqtisadi çöküşün qarşısını alan yeganə dayaqlardan biridir.
Qeyd edək ki, müharibənin dördüncü ildönümü ərəfəsində Ukrayna hökuməti, Dünya Bankı, Avropa Komissiyası və BMT birgə yenilənmiş Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi hesabatını (RDNA5) təqdim ediblər. Hesabatın nəticələri dağıntının miqyasını tam anlamağa imkan verir.
2025-ci ilin dekabr ayına olan hesablamalara görə, Ukraynada bərpa və yenidənqurma xərcləri növbəti on il üçün təxminən 588 milyard dollar həcmində qiymətləndirilir.
Bu rəqəmin miqyasını anlamaq üçün qeyd etmək kifayətdir ki, bu məbləğ ölkənin ötən il üçün proqnozlaşdırılan nominal ÜDM-indən təxminən üç dəfə çoxdur.
Birbaşa fiziki zərər isə artıq 195 milyard dolları keçib. Dağıntılar əsasən cəbhə bölgələrində və iri şəhərlərdə cəmləşib. Belə ki, bu dövr ərzində əsas olaraq yaşayış sahələri, nəqliyyat və enerji infrastrukturu hücumların hədəfinə çevrilib.

Dünya Bankının hesabatına əsasən, ötən il ərzində zədələnmiş və ya dağıdılmış enerji obyektlərinin sayı 21% artıb ki, bu da sərt qış şəraitində intensivləşən Rusiya zərbələri ilə birbaşa bağlıdır.
Bundan əlavə, ölkə üzrə bütün yaşayış fondunun 14%-i zədələnib və ya dağıdılıb, nəticədə üç milyondan çox ailə yerindən didərgin düşüb və ya zərər görüb.
Ölkədə bərpa işləri üçün zəruri daxili və beynəlxalq kapitalın cəlb edilməsində özəl sektorun həlledici rol oynaması gözlənilir. Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos yenilənmiş RDNA5 hesabatının dərcindən sonra Brüsselin bərpa prosesinə sadiqliyini bir daha təsdiqləyib.
Kos qeyd edib ki, “Rusiyanın təcavüzkar müharibəsi nəsillər boyu görünməmiş dağıntılar yaradıb” və əlavə edib ki, Aİ-nin buna cavabı aydındır: “Biz Ukraynanı güclü, müasir Aİ ölkəsi kimi yenidən quracağıq. Cəsarətli islahatlar və genişmiqyaslı investisiyaların səfərbər edilməsi üçün Ukrayna İnvestisiya Çərçivəsi vasitəsilə dağıntını rifaha çevirəcəyik”.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





