2026-cı ildə süni intellektdən nə gözləməliyik?
16 Fevral 2026 14:09   Paylaş

Dünyada süni intellekt texnologiyaları günbəgün inkişaf etməkdədir. Bu texnologiyaların inkişafı və şaxələnməsi ilə artıq yeni peşələr formalaşır, iqtisadi sahədə investisiyaya yanaşmalar dəyişir.

“Stabil.az”ın məlumatına görə, 2026-cı il süni intellekt texnologiyalarının daha da təkmilləşməsi baxımından dinamika vəd edir.

Ekspertlərin fikrincə, bu il süni intellekt kontent generasiyasından fiziki dünyada daha konkret hərəkətlərə keçəcək.

Proqnozlara əsasən, 2026-cı ilin əsas texnoloji istiqamətlərindən biri multimodallığa keçid olacaq. Süni intellekt artıq yalnız mətn və qrafika ilə işləmək çərçivəsindən çıxaraq təbii dilin başa düşülməsi və konkret təlimatlar olmadan situasiyaya uyğun hərəkət etmək qabiliyyətini inkişaf etdirəcək.

Belə modellər isə Vision Language Action (VLA) adlanır. Onlar sadəcə rəqəmsal köməkçi rejimində analiz və tövsiyə verməklə kifayətlənmir, həm də fiziki tapşırıqları yerinə yetirə bilir: əşyanı götürmək, çəkməcəni açmaq, obyektin yerini dəyişmək. Multimodal yanaşmalar böyük dil modellərindən (LLM) və vizual-dil modellərindən (VLM) sonrakı mərhələdir. İndi süni intellekt onu əhatə edən mühiti anlamağı və onun daxilində hərəkət etməyi öyrənir.

Bu keçid artıq robototexnikada müşahidə olunur. “UC Berkeley” laboratoriyasının məzunları tərəfindən yaradılmış “Covariant” startapı sənaye robotları üçün “beyinlərin” kommersiya xarakterli tətbiqinə nümunələrdən biridir. 2024-cü ilin yazında şirkət “RFM-1” modelini təqdim etdi, həmin ilin avqustunda isə “Amazon” “Covariant” texnologiyalarına qeyri-eksklüziv lisenziya aldı və üç təsisçini öz robototexnika komandasına dəvət etdi.

Buna paralel olaraq “Ambi Robotics” inkişaf etməkdədir. Şirkət kameralar və neyroşəbəkələr vasitəsilə bağlamaları müstəqil şəkildə çeşidləyib qablaşdıra bilən robotlar yaradır. 2025-ci ilin yanvarında “Ambi” iki həll təqdim etdi: anbarlar üçün qablaşdırma sistemi olan “AmbiStack” və sənaye əsaslı robot modeli “PRIME-1”. “Ambi” robotları artıq iri operatorların çeşidləmə xidmətlərində işləyir.

Növbəti mərhələ məişətdə faydalı tapşırıqları yerinə yetirə bilən ev robotlarının meydana çıxmasıdır. 2025-ci ilin oktyabrında Norveçin “1X startapı” “NEO” adlı ev humanoidini təqdim etdi. O, otaqları təmizləyə, əşyaları rəflərə yerləşdirə, paltar qatlaya, işığı yandıra, qonaqları qarşılaya, ünsiyyət qura və yeni şeylər öyrənə bilir. Məsələn, soyuducuya baxaraq sahibinin əvvəlki təcrübə və vərdişlərinə əsasən şam yeməyi üçün variantlar təklif edə bilər. Robotu həm almaq, həm də 2026-cı ildə çatdırılmaq şərti ilə ayda 499 dollar abunə ilə əldə etmək mümkündür. Bu layihələrin təcrübəsi göstərir ki, zamanla belə həllər daha da artacaq.

Energetika sahəsində isə süni intellektdən istifadə hələ ilkin mərhələsindədir. Bunun səbəbi sahənin strukturudur. Müəssisələrdə bir çox hallarda 20 illik sistemlər işləyir. Bunlar etibarlı, lakin müasir həllərlə inteqrasiyası çətin olan sistemlərdir. Süni intellekt tətbiq etmək üçün ya infrastruktur yenidən qurulmalı, ya da yeni qurğular sıfırdan yaradılmalıdır. Bu isə çox vaxt və xərc tələb edir. Hazırda süni intellekt əsasən tələbatın proqnozlaşdırılmasında istifadə olunur, lakin şəbəkələrin optimallaşdırılması, enerji doldurma stansiyalarının idarə edilməsi və sızmalara nəzarət kimi vəzifələr aktual olaraq qalır. Zamanla energetika avtomatlaşdırmanın prioritet istiqamətlərindən birinə çevrilə bilər.

Səhiyyə sahəsi daha ciddi tənzimlənmə tələb etdiyi üçün burada süni intellektdən istifadə nisbətən yavaş irəliləyir. Lakin farmasevtika və biotexnologiyada dəyişikliklər daha sürətlidir: neyroşəbəkələr molekulların analizinə, qarşılıqlı təsirlərin modelləşdirilməsinə və yeni preparatların hazırlanmasının sürətləndirilməsinə kömək edir. Bu istiqamətlərin kəsişməsində yeni peşələrə tələbat formalaşır və bu da əmək bazarının mənzərəsinə təsir göstərir.

Bəs 2026-cı ildə hansı peşələrə tələb olacaq?

Texnologiyaların inkişafı ilə paralel olaraq əmək bazarı da dəyişir. Süni intellektin insanları bazardan sıxışdıracağı ilə bağlı narahatlıqlar özünü doğrultmur. Praktikada o, bacarıqları gücləndirən və səmərəliliyi artıran alətə çevrilir. Yaxın illərdə rəqabət insanla maşın arasında deyil, neyroşəbəkələrlə işləməyi bacaran mütəxəssislərlə bu bacarığa malik olmayanlar arasında olacaq. Araşdırmalara görə, süni intellektdən geniş istifadə təcrübəsi olan əməkdaşların məhsuldarlığı təxminən üçdə bir daha yüksəkdir.

Paralel olaraq yeni peşələr formalaşır. Mühəndislik və elmdə “AI safety engineer” - modellərin etibarlılığı və dayanıqlılığına cavabdeh mütəxəssislər meydana çıxır. “Vision language action engineering” istiqaməti inkişaf edir, burada mütəxəssislər robotlar üçün simulyatorlar və təlim mühitləri yaradır. Farmasevtika və biotexnologiyada “AI-driven drug design” bacarıqlarına malik - molekulların modelləşdirilməsi və xüsusiyyətlərinin proqnozlaşdırılması üçün süni intellektdən istifadə edən dərman tərtibatçıları tələb olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol