2026-cı il Qış Olimpiya Oyunları neçəyə başa gəldi?
Məlum olduğu kimi, 2026-cı il Qış Olimpiya Oyunlarına İtaliya ev sahibliyi edir. Fevralın 6-dan 22-nə qədər davam edən Olimpiadanın ilk dəfədir iki paytaxtı var. Milan Olimpiya şəhərləri arasında debüt edir, Kortina-d’Ampezzoda isə oyunlar ikinci dəfə keçiriləcək. Burada ilk dəfə oyunlar 1956-cı ildə baş tutub.
“Stabil.az”ın məlumatına görə, builki Qış Olimpiadası tarixdə ən genişmiqyaslı oyun olaraq tarixə düşüb.
Belə ki, Olimpiadanın keçirildiyi zonanın ümumi sahəsi 22 min kvadrat kilometri geridə qoyur. Tədbirlər müxtəlif dağ massivlərində keçirilir və bu prosesə yuxarıda qeyd etdiyimiz kimi, iki böyük şəhər (Milan və Verona), həmçinin Kortina-d’Ampezzo (Veneto), Valtellina (Lombardiya) və Val-di-Fyemme (Trentino-Alto Adige) kurortları cəlb olunub.
Bu Olimpiada inflyasiya nəzərə alınmaqla XXI əsrin ən az xərc tələb edən oyunları olub. Hazırda ümumi xərclər 6,1 milyard dollar təşkil edir. Bunun 4,1 milyard dolları infrastruktur üçün dövlət vəsaiti, 2 milyard dolları isə oyunların təşkili və keçirilməsi üçün özəl vəsaitdir. Büdcənin cəmi 15%-i birbaşa yarışlar və idman tədbirləri ilə bağlı layihələrə sərf olunub. Müqayisə üçün bildirək ki, 2022-ci ildə Pekində keçirilən Olimpiadaya 46,6 milyard dollar xərclənmişdi.
İtaliya və ümumilikdə Qərbi Avropa 2006-cı ildən bəri ilk dəfə Qış Olimpiadasına ev sahibliyi edir. Həmin vaxt oyunlar Turində keçirilmiş və inflyasiya nəzərə alınmaqla 6,3 milyard dollara başa gəlmişdi.

Turin hələ də 1 milyard dollardan artıq borcunu ödəyə bilməyib. Lakin 2006-cı ildəki oyunların mirası birmənalı deyil. Olimpiada sayəsində Turin “Fiat” avtomobil konsernindən asılı sənaye şəhərindən qastronomiya və mədəniyyət mərkəzinə çevrilib.
Ekspertlərin proqnozlarına görə, Milanı belə maliyyə aqibəti gözləmir, çünki təşkilat komitəsi tədbirlə bağlı genişmiqyaslı tikinti proseslərindən yayına bilib və əvvəllər inşa edilmiş obyektlərə üstünlük verib.
Açılış mərasimi son günlərini yaşayan “San Siro” stadionunda keçirilib. Fiqurlu konkisürmə və şort-trek 1990-cı ildə tikilmiş Milan “Forum”unda təşkil olunur. Media mərkəzi Sərgi Mərkəzində yerləşir ki, burada həmçinin sürətli konkisürmə və xokkey yarışları keçirilir.
Olimpiya üçün tikilən ən bahalı obyekt təxminən 300 milyon avroya başa gələn Buz Sarayıdır. Oyunlardan sonra o, idman-əyləncə mərkəzinə çevriləcək. Olimpiya kəndinin tikintisinə isə təxminən 140 milyon avro xərclənib.
Bundan əlavə, Milandan kənarda ən böyük xərc tələb edən obyekt Kortina-d’Ampezzoda 118 milyon avroya başa gələn xizəkli kirşə trası olub.
Qeyd edək ki, İtaliyanın “Banca Ifis” bankının araşdırmasına görə, 2026-cı il Olimpiadası XXI əsrdə özünü doğruldan ilk Olimpiada olacaq. 2022-ci il Pekin Olimpiadası 52 milyon dollar mənfəət barədə məlumat versə də, bu, 2,3 milyard dollarlıq bəyan edilmiş büdcəyə əsaslanırdı və bir çox obyektlərin tikinti xərcləri daxil edilməmişdi. Ümumi məbləğ isə 30 milyard dolları keçirdi.
Qiymətləndirmələrə görə, builki Olimpiadanın gəliri təxminən 5,3 milyard avro olacaq. Bunun 1,2 milyard avrosu turizmdən əlavə gəlirlər, 3 milyard avrosu isə infrastrukturun modernləşdirilməsindən əldə olunacaq. Buraya Beynəlxalq Olimpiya Komitəsinin (BOK) televiziya yayımı və sponsor müqavilələrindən əldə etdiyi faiz ödənişləri daxil deyil.
Bəs Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiadaların xərclərini niyə azaltmağa çalışır?
BOK Olimpiya mirasını həmişə müsbət prizmadan təqdim edir. Lakin oyunlar tez-tez zərərlə nəticələnə bilir. 1976-cı il Olimpiadası çiçəklənən Monrealı uzunmüddətli durğunluğa sürükləmişdi. Şəhər milyardlıq borcu yalnız 30 ildən sonra infrastruktur və sosial xərcləri azaltmaq hesabına ödəyə bildi. Olimpiada Afinaya (2004), Rio-de-Janeyroya (2016) və digər şəhərlərə də ciddi maliyyə zərəri vurub.
2008-2014-cü illərdə isə tarixdə ən bahalı hesab olunan iki Olimpiada keçirildi. Pekin və Soçidə oyunların keçirilməsi zamanı xərclər müvafiq olaraq 40 və 50 milyard dolları keçmişdi. 2020-ci ildən etibarən isə ümumi büdcə dəyişməz olaraq 20 milyard dollardan yuxarı olub. Halbuki 2008-ci ilə qədər xərclər 20 milyard dolları aşmırdı. Məsələn, 1996-2006-cı illərdə keçirilən Olimpiadaların ümumi büdcəsi Soçi-2014-ün xərclərinə bərabərdir.
2010-cu ildən sonra BOK Olimpiya paytaxtlığı uğrunda seçkilərdə kütləvi imtinalarla üzləşdi. 2013-cü ildən etibarən 2022, 2024, 2026 və 2028-ci illərdə təşkil edilən oyunlar üçün mübarizə aparmaq niyyətində olan on şəhər namizədliyini geri götürdü. Burada əsas səbəb isə tədbirin yüksək dəyəri idi.

Bu vəziyyət BOK-u islahatlara məcbur etdi. 2019-cu ildə xərcləri azaltmaq məqsədilə Olimpiya paytaxtının seçilməsi proseduru dəyişdirildi. Şəhərlərin qiymətləndirmə komissiyaları ilə müşayiət olunan müraciət kampaniyalarından imtina edildi, yarışların bir regionda keçirilməsi qadağası aradan qaldırıldı və paytaxtın oyunlardan yeddi il əvvəl seçilməsi tələbi ləğv olundu.
Namizədlik kampaniyası orta hesabla 50-100 milyon dollara başa gəlirdi. Buraya layihələndirmə, konsaltinq və audit xidmətləri, tədbirlərin təşkili, komitə üzvlərinin səfərləri və BOK qonaqlarının qəbulu daxil idi. Məsələn, Tokio 2016-cı ildə uğursuz kampaniyaya 150 milyon dollar, 2020-ci ildə uğurlu kampaniyaya isə təxminən 75 milyon dollar xərcləmişdi. Toronto isə 2024-cü il Olimpiadası uğrunda mübarizədən 60 milyon dollarlıq müraciət vəsaitini tapa bilmədiyi üçün imtina etmişdi.
Əvvəllər Olimpiadanın müxtəlif şəhərlərdə keçirilməsinə qoyulan qadağa səbəbindən ev sahibi şəhərlər arenaları şəhərə yaxın ərazidə tikməyə məcbur qalırdı. Yarışlardan sonra bu obyektlər tez-tez baxımsız qalırdı.
Hazırda oyunların paytaxtını Qış və Yay Olimpiadaları üzrə xüsusi komissiyalar seçir. Seçim zamanı daimi və ya müvəqqəti idman və infrastruktur obyektlərinin mövcudluğu əsas götürülür. Bu isə ən uyğun variantı seçməyə və namizədlərin xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




