“Zayed İnsan Qardaşlığı Mükafatı”: İlham Əliyevin sülh diplomatiyasının daha bir uğuru
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb. Həmin mükafata layiq görülənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var.
“Stabil.az” xəbər verir ki, Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində yer alan məlumata əsasən, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.
Dövlət başçısının bu mükafata layiq görülməsi ölkəmizin yalnız diplomatik uğuru deyil, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan və onun liderinin Ermənistanla uzunillik münaqişədən sonra Cənubi Qafqazda sülh prosesinin irəli aparılmasındakı rolunun təsdiq edilməsidir.
Mükafatın təşkilatçılarının sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh və münasibətlərin normallaşması sadəcə bir hadisədən ibarət deyil və daimi dialoq, qarşılıqlı hörmət və siyasi iradə tələb edən prosesdir.

“Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur”, - deyə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam bildirib.
Prezident İlham Əliyevin peşəkar diplomatik ustalığı sayəsində Cənubi Qafqaz münaqişə zonası olmaqdan çıxıb və qlobal sabitlik, logistika və enerji mərkəzinə çevrilib.
Eyni zamanda, “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülənlər arasında Prezident İlham Əliyevin də olması həm regional, həm də qlobal səviyyədə sülh quruculuğunda Azərbaycanın aparıcı rolunun beynəlxalq müstəvidə yüksək qiymətləndirilməsidir.
Bununla yanaşı, bu nüfuzlu mükafat ölkəmizin humanist addımlarına və sülh quruculuğu fəaliyyətinə verilən yüksək qiymətin ən bariz təzahürlərindən biridir. Belə ki, Azərbaycan sahib olduğu enerji resursları sayəsində beynəlxalq arenada enerji sahəsində etibarlı tərəfdaş olmaqla yanaşı, artıq regionda əsas təhlükəsizlik dayağı olaraq böyük nüfuz qazanıb. Ölkəmizin qazandığı hər uğur, hər bir müsbət dinamika Azərbaycanın sülhyönümlü siyasətinin yenilməzliyini bir daha təsdiq edir.
Prezident İlham Əliyev də həmin mükafatla təltif edilməsinə münasibət bildirərək, bu beynəlxalq mükafatın regionda sülhə nail olmaq üzrə səylərin yüksək qiymətləndirilməsi olduğunu vurğulayıb.

Belə ki, hazırda Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibə verən Prezident İlham Əliyev bildirib:
“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm”.
Dövlət başçısı həmçinin Cənubi Qafqazın bu gün yeni inkişaf mərhələsinə daxil olduğunu qeyd edib:
“Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.
Onu da qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın beynəlxaq sülh təşəbbüslərinin fəal iştirakçısı kimi nüfuzunu möhkəmləndirir, gələcək dialoq, eləcə də əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Məlumat üçün qeyd edək ki, 2019-cu ildən təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, şeyx Zayed ben Sultan əl Nəhyanın adını daşıyır. Mükafat Şeyx Zayed Fondu tərəfindən təsis edilib və hər il öz fəaliyyətləri ilə qarşılıqlı anlayış, insanlar arasında qardaşlıq, eləcə də dayanıqlı sülhə töhfə verən şəxslərə və təşəbbüslərə təqdim edilir.
Bu nüfuzlu mükafatın əsas məqsədi dünyada tolerantlıq, humanizm, ətraf mühitin qorunması və xalqlar arasında dostluğu, sülhü təbliğ etməkdir. Təsis edildiyi gündən bu günə qədər “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilən şəxslər arasında BMT Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdulla və Kraliça Raniya əl-Abdulla, mərhum Roma Papası Fransisk və digərləri var.
Mükafatların bu il fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacağı gözlənilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




