“UN-Habitat”ın texniki missiyası WUF13 hazırlığı üçün Bakıya gəlib
5 Fevral 2026 19:50   Paylaş

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkilati koordinasiya, texniki və əməliyyat məsələləri ilə bağlı hazırlıq işlərinin müzakirəsi məqsədilə BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) texniki missiya üzvləri Bakıya səfər edib.
Missiya üzvləri WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə görüşlər keçirərək forumun uğurlu təşkili üçün koordinasiya və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Stabil.az" WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, missiyanın səfəri çərçivəsində yayım və media əməliyyatları, məkanın hazırlıq səviyyəsi, "Urban Expo" sərgisinin planlaşdırılması, brendinq və istiqamətləndirici lövhələrin layihələndirilməsi, İKT və audio-vizual sistemlər, müyəssərlik, logistika, dayanıqlılıq və maraqlı tərəflərlə koordinasiya da daxil olmaqla, geniş spektrli prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Canlı yayım və media ilə qarşılıqlı əlaqə planları, tədbir məkanının baş planı, şəhər və tədbir məkanının brendinqinə dair təkliflər üzrə işlər yekunlaşdırılmış, eləcə də nəqliyyat, iaşə, təhlükəsizlik, könüllülərin idarə edilməsi və işçi qüvvəsinin koordinasiyası üzrə əməliyyat hazırlığı üzrə işlər intensiv şəkildə davam etdirilir.

Bu fəaliyyətlər WUF13 tədbirinin peşəkar və səmərəli təşkil olunması, eləcə də inklüziv formatda və yüksək keyfiyyətlə keçirilməsi baxımından mühüm bir mərhələni əks etdirir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol