“Sülh Şurası”na qoşulmaq Azərbaycana nə vəd edir?
23 Yanvar 2026 10:07   16 Feb 2026 13:09 Paylaş

Məlum olduğu kimi, yanvarın 22-də Davosda ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Dünya İqtisadi Forumu çərçivəsində baş tutan və Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə keçirilən tədbir zamanı 19 ölkə sözügedən sənədi imzalayaraq təsisçi üzv dövlət olaraq “Sülh Şurası”na qoşulub.

Bəs sözügedən təşkilatın ilkin funskiyaları nədən ibarət olacaq və Azərbaycan “Sülh Şurası”na qoşulması ölkəmizə nə vəd edəcək?

“Stabil.az” bu mövzuya dair hazırladığı məqaləni təqdim edir:

İlk olaraq qeyd etmək lazımdır ki, təşkilata Azərbaycanla yanaşı, ABŞ, Türkiyə, Ermənistan, Bəhreyn, Mərakeş, Argentina, Belçika, Bolqarıstan, Misir, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Monqolustan, Pakistan, Paraqvay, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Özbəkistan daxildir. Davosda baş tutan tədbir zamanı “Sülh Şurası” rəsmi təşkilat elan edilib.

Ümumilikdə 49 ölkə, eləcə də Avropa Komissiyası təşkilata qoşulmaq barədə təklif almışdı. Yaxın gələcəkdə təşkilat üzvlərinin sırasına yenilərinin də qatılması istisna edilmir.

Tədbir zamanı çıxış edən ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff təşkilatın gələcək fəaliyyəti barədə məlumat verib və bildirib ki, yeni yaradılan “Sülh Şurası”nın əhatə dairəsinin yalnız Qəzza zolağı deyil, ölkənin digər regionlarının da olması planlaşdırılır.

News about -  “Sülh Şurası”na qoşulmaq Azərbaycana nə vəd edir?

O vurğulayıb ki, Şuranın fəaliyyəti yalnız bir regionla kifayətlənməyəcək və onun məqsədi dünyanın müxtəlif hissələrində vəziyyətin stabilləşdirilməsinə töhfə verməkdir.

Ağ Evin yüksəksəviyyəli müşaviri, eləcə də D.Trampın kürəkəni olan Cared Kuşner isə ilkin mərhələdə Qəzzanın inkişafına dair “baş planı” elan edib.

“Baş plan mövcuddur. Biz onu Yaxın Şərqdə mərhələli şəkildə həyata keçirəcəyik. Bilirsiniz, insanlar 2-3 milyon insanın yaşadığı şəhərlər inşa edirlər. Bu iş 3 il ərzində icra edilir. Ona görə də, bu cür layihələrin həyata keçirilməsi kifayət qədər realdır”.

Mövzu ilə bağlı daha əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, iştirakçı ölkələr təşkilata 1 milyard dollar həcmində maliyyə ayırmalıdırlar.

Bəs yeni yaradılan bu təşkilat Azərbaycan üçün hansı üstünlüklər qazandıracaq?

Dünyada hazırda artan qeyri-sabitlik, eləcə də beynəlxalq təşkilatların effektivliyinin tez-tez sual altına alınması fonunda Azərbaycanın belə bir təşəbbüsdə ön sıralarda yer alması həm regional, həm də qlobal kontekstdə bir sıra mühüm müsbət nəticələr vəd edir.

Azərbaycanın “Sülh Şurası”na qoşulması əlbəttə ki, ilk olaraq ölkəmizin ABŞ ilə münasibətlərinə müsbət təkan verəcək, eləcə də Vaşinqtonla əlaqələrdə yeni diplomatik kanallar açacaq. Ölkəmizin bu təşkilatın təsisçi üzv dövlətlərindən biri olması ölkənin artıq yalnız regional aktor deyil, həm də qlobal sülh və təhlükəsizlik məsələlərində söz sahibi olan dövlətlər sırasında qəbul edildiyini göstərir.

News about -  “Sülh Şurası”na qoşulmaq Azərbaycana nə vəd edir?

Eyni zamanda, Azərbaycan bu prosesdə kənar müşahidəçi deyil, təşəbbüsün formalaşmasında iştirak edən tərəf kimi çıxış etməsi Qərbdə Azərbaycana yönəlik tənqidi ritorikanın yumşaldılmasına yardımçı da ola bilər.

Bununla yanaşı, Azərbaycanın təsisçi üzv kimi “Sülh Şurası”na qoşulması ölkənin çoxşaxəli və uzaqgörən xarici siyasət kursunun məntiqi davamı olaraq qiymətləndirilə bilər. Bu addım Azərbaycanın qlobal sülh təşəbbüslərində rolunu daha da artırır, ABŞ və digər beynəlxalq aktorlarla əlaqələrini gücləndirir və ölkənin balanslaşdırılmış diplomatik mövqeyini daha da möhkəmləndirməyə xidmət edir.

Son olaraq, qeyd edə bilərik ki, Azərbaycanın “Sülh Şurası”nda iştirakı Qəzza münaqişəsinin dayandırılması istiqamətində beynəlxalq səylərə dəstək verməklə yanaşı, uzunmüddətli münaqişələrin təsirinə məruz qalan bütün tərəflər üçün təhlükəsiz və rifahlı gələcəyin təşviqini nəzərdə tutur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol