SOCAR Kot-d’İvuarda “Baleine” neft-qaz layihəsində 10% pay əldə edib
22 Yanvar 2026 10:59   22 Jan 2026 14:14 Paylaş

SOCAR Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı alıb. Bu barədə saziş “Eni S.p.A.” şirkəti ilə imzalanıb.

"Stabil.az" bu barədə SOCAR-a istinadən məlumat paylaşıb.

Sənəd Dünya İqtisadi Forumunun 2026-cı il İllik Toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Eni S.p.A.”-nın baş icraçı direktoru Klaudio Deskalzi tərəfindən imzalanıb.

Saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına uyğundur və “Eni S.p.A.” ilə enerji sənayesinin müxtəlif sahələrində formalaşmış strateji əməkdaşlığın bir hissəsidir.

Sazişin icrası müvafiq tənzimləyici qurumlardan razılıqların alınmasından və digər standart şərtlərin yerinə yetirilməsindən asılıdır.

Qeyd olunur ki, “Baleine” Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri dəniz neft-qaz yataqlarından biridir. Yataq 2021-ci ildə kəşf olunub, 2023-cü ildə hasilata başlanıb. Hazırda 1-ci və 2-ci mərhələlərdə gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz hasil edilir. 3-cü mərhələnin işə salınması ilə gündəlik hasilat 150 min barel neftə və 5,7 milyon kubmetr qaz həcminə çatdırılacaq.

“Baleine” layihəsi Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsi kimi də diqqət çəkir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol