SOCAR Karbamid Dünya İqtisadi Forumunun Qlobal Mayak Şəbəkəsinə üzv seçilib
20 Yanvar 2026 12:59   21 Jan 2026 01:38 Paylaş

"SOCAR Karbamid" zavodu Dünya İqtisadi Forumunun nüfuzlu "Qlobal Mayak" Şəbəkəsinə (Global Lighthouse Network) daxil edilib və həmçinin Forumun "Rəqəmsal Mayak" (Digital Lighthouse Award) mükafatına layiq görülüb.

Bu barədə "Stabil.az" agentliyi SOCAR-a istinadən məlumat yayıb. Mükafat, Forum çərçivəsində SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim edilib.

M. Cabbarov bildirib ki, bu uğur zavodda istehsalatın rəqəmsallaşdırılması, qabaqcıl texnologiyaların tətbiqi və enerji səmərəliliyi sahəsində əldə olunan beynəlxalq səviyyəli nəticələrin göstəricisidir. O vurğulayıb: "SOCAR Karbamid" Azərbaycanda bu təltifə layiq görülən ilk müəssisədir, SOCAR isə dünyada 3 "Digital Lighthouse Award" mükafatına sahib olan yeganə enerji şirkətidir. Bu nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma yönümlü fəaliyyətin, həmçinin sənaye 4.0 texnologiyalarının effektiv tətbiqinin nəticəsidir."

SOCAR-ın prezidenti Rövşən Nəcəf əlavə edib: "Bizim "Rəqəmsal Mayak" mükafatını qazanmağımız və "Qlobal Mayak" Şəbəkəsinə qoşulmağımız şirkətimizin transformasiya strategiyasının nəticəsidir. Bu həm də rəqəmsal texnologiyalar, qabaqcıl avtomatlaşdırma və əməkdaşlarımızın bilik və bacarıqlarının artırılması sayəsində səmərəliliyin yüksəldilməsi və ətraf mühitə təsirin minimuma endirilməsini nümayiş etdirir. SOCAR olaraq biz təhlükəsiz, səmərəli və dayanıqlı əməliyyatlarda yeni standartlar yaratmağa davam edəcəyik."

Son üç il ərzində aparılan sistemli transformasiya və innovasiya yönümlü fəaliyyət nəticəsində Karbamid zavodu dünyanın ən nüfuzlu şirkətləri arasında seçilib. 2025-ci ildə zavod ilkin olaraq finalçılar sırasında yer alıb, sonra isə Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən yerində qiymətləndirmə aparılıb və nəticədə "Qlobal Mayak" Şəbəkəsinə üzv olub, "Rəqəmsal Mayak" mükafatını qazanıb.

Qeyd edək ki, bundan əvvəl "Petkim" neft-kimya kompleksi və "Star" neft emalı zavodları "Digital Lighthouse Award" mükafatını almışdı. "SOCAR Karbamid" isə Azərbaycanda bu uğuru əldə edən ilk zavoddur və dünyada bu mükafatı alan ilk gübrə zavodudur.

SOCAR son 3 il ərzində istehsalat səmərəliliyi, proses təhlükəsizliyi və SƏTƏM üzrə qabaqcıl texnologiyalara sərmayə yatıraraq mühüm inkişaf əldə edib. "SOCAR Karbamid" mürəkkəb kimyəvi istehsal proseslərinin idarə olunmasında qabaqcıl avtomatlaşdırma və prosesə nəzarət sistemlərindən istifadə edir. Avtomatlaşdırma texnologiyalarının təkmilləşdirilməsi, süni intellekt modellərinin tətbiqi və əməkdaşların rəqəmsal bacarıqlarının artırılması işləri genişləndirilib.

Nəticədə zavod həm səmərəli əməliyyat prosesi, həm də real vaxtda proqnoz verə bilən, adaptasiya olunan və davamlı inkişaf edən "ağıllı" zavod formasına çevrilib. Zavodda 4-cü Sənaye İnqilabına uyğun olaraq 42 rəqəmsal və süni intellekt əsaslı həll tətbiq edilib. Bu tədbirlər məhsuldarlığı 21%, təbii qazdan istifadə səmərəliliyini 24% artırıb. Eyni zamanda karbon emissiyaları 19%, proses tullantıları 72%, planlaşdırılmamış dayanma müddəti isə 82% azalıb. İşçilərin 70%-i yeni bacarıqlara yiyələnib, 41 əməliyyat və maliyyə göstəricisi üzrə təkmilləşmə həyata keçirilib.

Xatırladaq ki, 2018-ci ildə yaradılan "Global Lighthouse Network" Sənaye 4.0 texnologiyalarını iş prosesinə uğurla tətbiq edən şirkətlərin platformasıdır. Süni intellekt və digər 4-cü Sənaye İnqilabı texnologiyalarından düzgün istifadə edən, istehsalat sahələrində yüksək nəticələr əldə edən və əməliyyat effektivliyini artıran şirkətlər bu şəbəkəyə qoşula bilər. Platforma üzv müəssisələrə təcrübə mübadiləsi aparmaq, görüşlər keçirmək və yeni əməkdaşlıqlar qurmaq imkanları yaradır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol