SOCAR İstiqrazı investorlarının ümumi gəliri 19 milyon dolları keçib
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR İstiqrazları üzrə 1 milyon 125 min ABŞ dolları məbləğində növbəti kupon ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb. Emissiya Prospektinə əsasən, kupon ödənişi qeyri-iş gününə təsadüf etdikdə, növbəti ilk iş günü icra olunur.
"Stabil.az"ın “SOCAR Capital” şirkətinə istinadən verdiyi məlumata görə, 17-ci kupon ödənişi nəticəsində ikinci SOCAR İstiqrazlarının investorlarına qazandırdığı ümumi gəlir 19 milyon 125 min ABŞ dollarına çatıb. Tədavül müddətinin sonunda istiqrazlar üzrə toplam gəlirin 22,5 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.
Hazırda tədavüldə olan SOCAR İstiqrazları ilə Bakı Fond Birjasında 97,3 milyon ABŞ dolları həcmində ticarət aparılıb və bu müddətdə 1 612 əqd bağlanıb. Ümumilikdə isə SOCAR İstiqrazları buraxıldığı 2016-cı ildən indiyədək şirkət tərəfindən vətəndaşlara və investorlara 53 milyon 125 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.
İkinci SOCAR İstiqrazları üzrə növbəti kupon ödənişi 1 may 2026-cı il tarixinə planlaşdırılıb.
Artıq təxminən 10 ildir Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusunu qoruyan SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən SOCAR İstiqrazları köşklərindən, eləcə də ölkədə rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlamaq, həmçinin socaristiqraz.az və socarcapital.az internet səhifələrinə müraciət etmək olar.
Qeyd edək ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkədə qeydiyyatdan keçmiş investisiya şirkətləri, qeyd olunan çağrı nömrəsi və rəsmi veb-saytlar vasitəsilə təqdim olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





