SOCAR Azərbaycan qazının Avropaya ixrac coğrafiyasını genişləndirir
19 Yanvar 2026 12:23   16 Feb 2026 13:09 Paylaş

2026-cı il Azərbaycanın neft-qaz sahəsində bir sıra yeniliklər vəd edir. İlin ilk belə hadisəsi olaraq, SOCAR-ın Azərbaycan təbii qazının Avropada iki yeni bazara - Almaniya və Avstriyaya ixracına başladığı məlum oldu.

Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə İtaliya üzərindən Almaniya və Avstriyaya nəql ediləcək və bununla da, Azərbaycan qazının dünyada coğrafi əhatə dairəsi bir qədər də genişlənəcək.

Almaniya və Avstriyanın da siyahıya daxil edilməsi ilə Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb. Belə ki, SOCAR artıq Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna və Suriyaya təbii qaz tədarük edir. Ümumilikdə ötən il Azərbaycanda qaz hasilatı 50,8 milyard kubmetr, qaz ixracının həcmi isə 25 milyard kubmetrdən çox təşkil edib.

Həm Avropa, həm də Yaxın Şərqi qazla təmin edən Azərbaycanın bu istiqamətdə ixrac həcmini artıracağı gözləniləndir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı ölkənin qaz ixracı məsələləsinə xüsusi toxunaraq bu il və qarşıdakı illərdə ölkədə bir neçə mövcud və yeni qaz yatağından yeni hasilatların gözlənildiyini diqqətə çatdırmışdı. Həmin yataqlarda yeni hasilat mərhələlərinin başlaması isə sözsüz ki, ölkənin ixrac potensialını daha da yüksəldir.

News about -  SOCAR Azərbaycan qazının Avropaya ixrac coğrafiyasını genişləndirir

Avropanın iki yeni ölkəsinə qaz təchizatına başlanılması isə həm Azərbaycan, həm də ümumilikdə Avropanın enerji təhlükəsizliyi baxımından mühüm addımdır.

Azərbaycanın Avropaya qaz tədarükü tarixinə nəzər salsaq, bu prosesin 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP)  vasitəsilə həyata keçirilməyə başladığını görərik. 3500 kilometrdən çox uzanan boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəməri ilə birləşərək Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır. TAP-ın işə salınması ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində önəmli addım atılmış oldu.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı son illər ərzində Rusiya qazından asılılığı azaltmağa can ataraq enerji mənbələrinin diversifikasiyası istiqamətində çalışır.

2022-ci ildə Rusiya və Ukrayna arasında müharibənin başlamasından sonra ittifaqın bu səyləri və yeni mənbələr axtarışı daha da geniş vüsət alıb.

Əhəmiyyətli təbii qaz resurslarına, eləcə də əlverişli coğraji yerləşməyə sahib olan Azərbaycan bu strategiyada açar mövqeyə sahibdir. Aİ-nin iqtisadi nöqteyi-nəzərdən əsas üzvlərindən olan Almaniya və Avstriyanın təbii qazla təmin edilməsi Azərbaycanı müstəqil və etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirir.

News about -  SOCAR Azərbaycan qazının Avropaya ixrac coğrafiyasını genişləndirir

Qeyd edək ki, Almaniya və Avstriyada enerji istehlakının böyük bir hissəsi təbii qazdan asılıdır və qaz tədarükünün diversifikasiyası ölkədə enerji sabitliyinin təmin edilməsi baxımından əsas amil olaraq çıxış edir. Azərbaycandan ölkəyə qaz idxal edilməsi isə bu iki Avropa nəhənginin yalnız bir mənbədən asılılığını azaldır və dünyada sürətlə cərəyan edən siyasi-iqtisadi proseslər fonunda onların xarici geosiyasi risklərə, təhlükələrə qarşı dayanıqlılığını artırır.

Bununla yanaşı, Avropada əlavə qaz mənbələrinin olması Avropa İttifaqı ölkələrinə daha davamlı layihələr üzərində işləmək, rezerv sistemlərini möhkəmləndirmək, eyni zamanda bazarda qiymət dəyişikliklərinin enerji daşıyıcılarına təsirini azaltmağa imkan verir. Bu baxımdan, Azərbaycan qazının Almaniya və Avstriyaya tədarükü Aİ-də daha təhlükəsiz və özünü təmin etmək iqtidarında olan enerji məkanı yaratmağa doğru konkret bir addımdır.

Azərbaycanın prizmasından baxdıqda isə, Avropanın enerji bazarında daha çox iştirak ölkəyə bir sıra əhəmiyyətli iqtisadi üstünlüklər qazandırır. Burada ən vacibi təbii ki, Avropanın aparıcı enerji şirkətləri ilə uzunmüddətli müqavilələrin bağlanması imkanıdır. Bundan əlavə, ixrac coğrafiyasının genişləndirilməsi və şaxələndirilməsi ayrı-ayrı bazarlardan asılılıq riskini də azaldır.

Eyni zamanda, ölkələr arasında enerji sahəsində əməkdaşlıq bir çox hallarda daha geniş diplomatik və iqtisadi münasibətlərin əsası rolunu oynayır. Almaniya və Avstriyaya qaz tədarükü Azərbaycanın Aİ-nin müxtəlif ölkələri ilə strateji əlaqələrini dərinləşdirməyə, eləcə də infrastrukturdan tutmuş texnologiyaya qədər bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaratmağa güclü təkandır.

Hələ ötən ilin iyununda SOCAR-la Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilənin imzalanması Avropanın Azərbaycanı uzun illik etibarlı tərəfdaş olaraq gördüyündən xəbər verirdi. Aydındır ki, bu cür əməkdaşlıq hər iki tərəf üçün vacibdir. Belə ki, bununla Avropa etibarlı qaz tədarükçüsü, Azərbaycan isə öz təbii qazına stabil alıcı əldə edir.

Almaniya mediası da Avropanın iki nəhəng sənaye ölkəsinə Azərbaycan təbii qazının tədarük edilməsini Avropanın Rusiyadan enerji asılılığının azaldılması strategiyasına töhfə verdiy, eləcə də Almaniya bazarında Azərbaycan qazının xüsusi strateji xüsusi rol oynadığını vurğulayıb.

Yekun olaraq, Azərbaycan neft-qaz sahəsində ixrac fəaliyyəti ilə enerji resurları ixrac edən bir ölkənin qəliz beynəlxalq enerji əlaqələri şəbəkəsinə necə səmərəli şəkildə inteqrasiya edə biləcəyini nümayiş etdirir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol