Rusiya-Ukrayna müharibəsi: Qazaxıstanın neft ixracına artan təhdidlər?
Dünyada gedən müasir müharibələr artıq təkcə cəbhə xəttində aparılmır. Belə ki, müharibə hədəfləri artıq dəyişərək enerji infrastrukturu - boru kəmərləri, terminallar, tankerlər və limanlar kimi strateji obyektlərə yönəlir. Hücumlar zamanı pilotsuz uçuş aparatlarının (PUA) nisbətən ucuz, lakin yüksək effektiv vasitə kimi istifadə edilməsi bu təhlükəni daha da artırır. Son illərdə Yaxın Şərq, Qara dəniz hövzəsi və Qırmızı dənizdə müşahidə olunan oxşar hadisələr isə bunu açıq şəkildə göstərir.
“Stabil.az”ın məlumatına görə, Rusiya və Ukrayna arasında davam edən müharibə də hər iki ölkənin ərazisini aşaraq regionun bir çox ölkələrinə təsirsiz ötüşmür. Belə ki, həyata keçirilən hücumlar nəticəsində Rusiyaya məxsus dronların Polşa və Moldovanın hava məkanını pozması və ölkə ərazisinə düşməsi, eləcə də Qara dənizdə gəmilərin hədəfə çevrilməsi barədə məlumatlar yayılıb. Rusiya-Ukrayna müharibəsi region ölkələrinin nəinki sosial həyatına təhdidlər yaradır, həmçinin iqtisadi proseslərə də əngəl törədir, müxtəlif ölkələrin iqtisadi infrstrukturlarına zərər vurur.
2022-ci ildən daha aktiv fazada davam edən bu müharibədən iqtisadi cəhətdən zərər görən ölkələrdən biri də Qazaxıstandır.
Belə ki, ötən ilin noyabrında Ukrayna Silahlı Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Qazaxıstanın Tengiz yatağından Rusiyanın Qara dəniz sahilindəki (Novorossiysk) terminalına neft daşıyan Xəzər Boru Kəməri Konsorsiumu (KTK) yaxınlığında tankerlərə zərbələr endirib. Hücum nəticəsində dəniz terminalının infrastrukturu və inzibati binası zədələnib. Neftin yüklənməsi növbəti gün bərpa olunsa da, dağılan körpünün sökülməsinə qərar verilib.

Bu ilin yanvarında isə Ukrayna tərəfi PUA-larla “Delta Harmony” və “Matilda” tankerlərinə hücum edib. “Delta Harmony” tankerinə hücum zamanı yanğın baş verib. “Matilda” tankerində isə partlayış olub, lakin sonradan yanğın qeydə alınmayıb.
Qazaxıstanın energetika naziri Erlan Akkenjenovun sözlərinə görə, Xəzər Boru Kəməri Konsorsiumuna edilən hücumlar nəticəsində Qazaxıstan neft ixracında təxminən 3,8 milyon ton itki qeydə alınıb.
Nazir bildirib ki, tankerlərə hücumlardan sonra “Tengiz” və “Korolevskoye” yataqlarında işlərin dayandırılması səbəbindən ölkə təxminən 1 milyon ton neft hasil edə bilməyib.
O, həmçinin qeyd edib ki, konsorsiumun obyektləri yaxınlığında tankerlərə edilən hücumlardan sonra gəmilərin sığorta xərcləri də əhəmiyyətli dərəcədə artıb.
Bununla belə, Akkenjenov vurğulayıb ki, baş verən insidentlər neftin birbaşa yüklənməsi prosesinə təsir göstərməyib. Nazir diqqətə çatdırıb ki, konsorsium yaxınlığında hücuma məruz qalan “Matilda” və “Delta Harmony” tankerləri “kölgə donanması”na aid olmayıb, çünki onların kimliyi asanlıqla müəyyən edilə bilirdi.
Bu xüsusda qeyd edək ki, enerji obyektlərinə hücumlar müharibə aparan tərəflər üçün bir neçə məqsədə xidmət edir: iqtisadi zərbə vurmaq, beynəlxalq bazarlarda qeyri-sabitlik yaratmaq və siyasi təzyiq aləti kimi istifadə olunmaq. Qazaxıstan tankerlərinə qarşı hücumlar da bu kontekstdə yalnız regional deyil, daha geniş geosiyasi mənzərənin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Eyni zamanda, bu hücumlar regional təhlükəsizlik mühitində yeni risklərin formalaşdığını göstərir. Enerji ixracatçısı kimi strateji mövqeyə malik olan Qazaxıstan üçün bu cür hücumlar təkcə təhlükəsizlik problemi deyil, həm də iqtisadi sabitlik və beynəlxalq enerji bazarlarında etibarlılıq məsələsidir.
Qazaxıstan dünyada neft ehtiyatlarına görə önəmli ölkələrdən biridir və ixracın böyük hissəsi Xəzər dənizi və Rusiya üzərindən keçən marşrutlarla həyata keçirilir. Tankerlərə qarşı PUA hücumları, hətta məhdud miqyaslı olsa belə, bu marşrutların təhlükəsizliyinə dair suallar yaradır. Enerji bazarlarında isə risk faktorunun artması qiymət volatilliyinə, sığorta xərclərinin yüksəlməsinə və logistik gecikmələrə səbəb olur.
Belə hücumların birbaşa təsiri tankerlərin fəaliyyətinin müvəqqəti dayandırılması, yüklərin gecikməsi və ya alternativ marşrutların axtarılması ilə ölçülür. Bundan əlavə, alıcı ölkələr və beynəlxalq enerji şirkətləri üçün etibarlılıq faktoru ön plana keçir. Davamlı təhlükə fonunda uzunmüddətli müqavilələrin şərtləri yenidən müzakirə oluna, bəzi hallarda isə ixracın diversifikasiyası gündəmə gələ bilər. Qazaxıstan üçün bu, həm gəlir itkiləri, həm də strateji tərəfdaşlarla münasibətlərdə əlavə diplomatik səylər deməkdir.

Qlobal miqyasda isə bu cür hücumlar neft bazarlarında psixoloji təsir yaradır. Təchizatın faktiki olaraq azalmasından daha çox, risk gözləntilərinin artması qiymətlərin yüksəlməsinə səbəb ola bilər.
Mövcud vəziyyət Qazaxıstanı enerji təhlükəsizliyi strategiyasını yenidən nəzərdən keçirməyə vadar edə bilər. Tankerlərin mühafizəsinin gücləndirilməsi, beynəlxalq təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi və ixrac marşrutlarının diversifikasiyası əsas prioritetlər sırasında ola bilər. Eyni zamanda, regional təşkilatlar və beynəlxalq tərəfdaşlarla koordinasiya da bu risklərin azaldılmasında mühüm rol oynayır.
Bu hadisələr müasir müharibələrin enerji sektoruna təsirinin sistemli xarakter aldığını göstərir. Enerji təhlükəsizliyi artıq yalnız iqtisadi deyil, birbaşa milli və beynəlxalq təhlükəsizlik məsələsinə çevrilib. Qazaxıstan tankerlərinə qarşı hücumlar bu reallığın növbəti təsdiqi kimi qiymətləndirilə bilər və yaxın gələcəkdə enerji bazarlarında risklərin daha diqqətlə nəzərə alınmasını zəruri edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





