Regional normallaşma fonunda Ermənistan–Azərbaycan ticarət imkanları
9 Fevral 2026 13:07   09 Feb 2026 13:08 Paylaş

Məlum olduğu kimi, ötən il Azərbaycan öz ərazisi vasitəsilə Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı. Bu proses çərçivəsində 2025-ci ilin noyabr ayında Rusiya taxılından ibarət yük qatarı Azərbaycan və Gürcüstan üzərindən Ermənistana yollandı. Bunun ardınca, Qazaxıstandan olan taxıl partiyası Rusiya, Azərbaycan və Gürcüstan marşrutu ilə Ermənistana daşındı. Bundan əlavə, 2025-ci ilin dekabrında Azərbaycan Ermənistana neft məhsullarının ixracına başladı.

“Stabil.az”ın məlumatına görə, hazırda regionda bərpa olunmaqda olan bu ticarət əlaqələrinə yeni təkan yarana bilər. Bu isə Ermənistandan Azərbaycana məhsul idxalı məsələsidir.

Bir neçə gün əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yerli mediaya açıqlamasında İrəvan və Bakının Ermənistandan Azərbaycana alüminium folqa, alüminium folqa üçün xammal, ferromolibden, PET materialları, konyak üçün xammal, siqaretlər və tekstil məhsullarının ixracı imkanlarını müzakirə etdiklərini bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanda Ermənistandan müəyyən məhsulların idxalında maraqlı olduqlarını bildirən şirkətlər var: “Azərbaycan tərəfi onları maraqlandıran konkret məhsulların siyahısını təqdim edib, biz isə ixrac edə biləcəyimiz həcmləri göndərmişik. Qızılgüllər, istixana məhsulları - pomidor, bibər də siyahımızdadır. Təxmini qiymətləri təklif etmişik”.

News about -  Regional normallaşma fonunda Ermənistan–Azərbaycan ticarət imkanları

Bununla belə, Ermənistanın iqtisadiyyat naziri ilk ixracın tarixlərini hələ açıqlamayıb. O bildirib ki, bu, Ermənistan və Azərbaycan şirkətləri arasında razılaşma əldə edildikdən sonra baş verəcək.

Aydındır ki, Cənubi Qafqaz regionunda uzun illər davam edən münaqişə iki ölkə arasında iqtisadi əlaqələrin formalaşmasına imkan yaratmayıb. Lakin regionda post-münaqişə mərhələsinin formalaşması, kommunikasiyaların açılması perspektivi Azərbaycanla Ermənistan arasında gələcək ticarət münasibətlərinin mümkünlüyünü gündəmə gətirir. Bu kontekstdə və iki ölkə arasında münasibətlərdə qeydə alınan bu müsbət dinamika fonunda hazırda iki ölkə nümayəndələrini bu prosesin gələcək perspektivləri və yuxarıda qeyd olunanlardan başqa Ermənistandan Azərbaycana hansı məhsulların tədarük edilə biləcəyi maraqlandırır.

Bu məsələ qiymətləndirilərkən həm Ermənistan iqtisadiyyatının strukturu, həm Azərbaycanın daxili bazar tələbatı, həm də regional logistika nəzərə alınmalıdır.

Qeyd etmək lazımdır ki, Ermənistan iqtisadiyyatı məhdud daxili bazara, resurs baxımından zəif xammal bazasına və ixrac yönümlü, lakin nisbətən dar sahələrə əsaslanır. Ölkənin əsas ixrac məhsulları kənd təsərrüfatı, qida sənayesi, dağ-mədən sektoru və müəyyən emal sənayesi sahələri ilə bağlıdır. Rusiya, Avropa İttifaqı ölkələri və İran Ermənistanın əsas ticarət tərəfdaşlarıdır.

Azərbaycan isə daha iri bazara, yüksək alıcılıq qabiliyyətinə və inkişaf etmiş logistika imkanlarına malikdir. Bu, nəzəri baxımdan Ermənistan üçün cəlbedici ixrac istiqaməti yarada bilər.

Beləliklə, Ermənistandan Azərbaycana potensial məhsul ixracında ən real sahələrdən biri kənd təsərrüfatı və qida məhsullarıdır.

Meyvələr: Ermənistan xüsusilə ərik, şaftalı, üzüm, alma və albalı istehsalı ilə tanınır. Ermənistan əriklərinin regionda xüsusi brend dəyəri mövcuddur. Mövsümi dövrlərdə bu məhsullar Azərbaycan bazarında idxal məhsulları ilə rəqabət apara bilər. Lakin burada əsas məhdudiyyət Azərbaycanın öz kənd təsərrüfatı istehsalının kifayət qədər inkişaf etmiş olmasıdır. Buna görə də ixrac yalnız mövsümi boşluqlar zamanı və ya xüsusi keyfiyyət üstünlükləri olduqda məntiqli ola bilər.

Alkoqollu içkilər: Ermənistan konyak istehsalı ilə beynəlxalq səviyyədə tanınır. Ermənistan konyaklarının postsovet məkanında reputasiyası mövcuddur və Azərbaycan bazarında da istehlak potensialı ola bilər.

Yüngül sənaye və tekstil məhsulları: Ermənistanda tekstil və tikiş sənayesi əsasən xarici sifarişlər əsasında fəaliyyət göstərir. Bu sahədə aşağı maya dəyəri və təcrübəli işçi qüvvəsi mövcuddur.

Bununla yanaşı, tekstil və hazır geyim məhsulları Azərbaycana ixrac üçün potensial sahə hesab edilə bilər. Azərbaycan bazarında orta və aşağı qiymət seqmentində idxal məhsullarına tələbat yüksəkdir. Ermənistan istehsalçıları bu boşluğu doldura bilər, lakin Türkiyə, Çin və Bangladeş kimi ölkələrlə rəqabət aparmaq kifayət qədər çətin olacaq.

News about -  Regional normallaşma fonunda Ermənistan–Azərbaycan ticarət imkanları

Kimyəvi və tikinti materialları: Ermənistanın məhdud olsa da, bəzi kimya sənayesi məhsulları, o cümlədən gübrələr, lak-boya materialları və plastik məmulatlar istehsal etmək potensialı mövcuddur. Azərbaycan tikinti sektorunun həcmi nəzərə alındıqda, bu sahədə ixrac üçün müəyyən imkanlar yarana bilər.

Lakin Azərbaycanın özündə də tikinti materialları istehsalı geniş inkişaf etdiyindən Ermənistan məhsulları yalnız qiymət və ya spesifik texniki üstünlüklərlə bazara daxil ola bilər.

Buradan belə bir nəticəyə gəlmək olar ki, Ermənistandan Azərbaycana ixrac potensialı mövcuddur, lakin bu potensial selektiv və mərhələli xarakter daşıyır. Ən real istiqamətlərisə kənd təsərrüfatının emal olunmuş məhsulları, tekstil və müəyyən sənaye mallarıdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol