Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunur
20 Yanvar 2026 09:56   20 Jan 2026 10:33 Paylaş

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür.

“Stabil.az” xatırladır ki, 1987-ci ilin sonlarında yenidən ortaya çıxan qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqların işğalına və Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin düşməsinə səbəb olmuşdu.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, radikal erməni millətçilərinin separatçı fəaliyyətləri və soydaşlarımıza qarşı törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstəyi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin qətiyyətsizliyi xalqımızı respublikanın ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxmağa sövq etdi. Nəticədə respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslər tədricən milli azadlıq hərəkatına çevrildi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnika və müxtəlif silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunmuşdur. Fövqəladə vəziyyət elan olunmadan əvvəl hərbi qulluqçular 82 nəfəri öldürüb, 20 nəfəri isə ölümcül yaralayıb. Fövqəladə vəziyyətin tətbiqindən sonra bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə isə yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. 

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 147 nəfər həlak olmuş, 744 nəfər yaralanmışdır. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri və milis əməkdaşları var idi.

Qoşunların yeridilməsi həmçinin dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatlar zamanı paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs olunub, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açıb; yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində böyük miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda törədilmiş kütləvi qırğını həyata keçirən SSRİ hakimiyyətini və Azərbaycan rəhbərliyini kəskin tənqid edən bəyanat verdi. Dünya mütərəqqi qüvvələri də Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli terroru qətiyyətlə pislədi.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi anılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol