“Nipah” virusuna qarşı peyvənd insanlar üzərində sınaqdan keçiriləcək
Tokio Universitetinin Qabaqcıl Elm və Texnologiya Mərkəzinin alimləri “Nipah” virusuna qarşı perspektivli peyvənd hazırlayıblar. Peyvəndin insanlar üzərində klinik sınaqlarının birinci mərhələsinin aprel ayında başlanması nəzərdə tutulur.
"Stabil.az" xəbər verir ki, “Nikkei” qəzetinin yaydığı məlumata əsasən, sınaqların ilkin mərhələsi aprel ayında həyata keçiriləcək. Peyvənd qızılca virusu əsasında hazırlanıb və insan orqanizminə yeridildikdə “Nipah” virusuna bənzər zülalların istehsalını stimullaşdıraraq immun sisteminin güclənməsinə kömək etməlidir. Bu mexanizm yoluxma zamanı orqanizmin infeksiyaya qarşı müqavimətini artırmağı hədəfləyir.
Tokio Universitetinin tədqiqatçıları bildiriblər ki, heyvanlar üzərində aparılan sınaqlar peyvəndin həm effektiv, həm də təhlükəsiz olduğunu göstərib. İnsanlar üzərində klinik sınaqların birinci mərhələsi Belçikada keçiriləcək. Bu mərhələ uğurla başa çatarsa, təhlükəsizlik və effektivliyin qiymətləndirilməsi üzrə növbəti mərhələlərin 2027-ci ilin ikinci yarısında Banqladeşdə aparılması planlaşdırılır.
Peyvəndin hazırlanması və sınaqdan keçirilməsi Yaponiya hökumətinin qabaqcıl tədqiqat və inkişaf qurumu olan, ölkədə peyvənd araşdırmalarını əlaqələndirən SCARDA tərəfindən maliyyələşdirilir.
“Nipah” virusu meqayarasalar tərəfindən yayılan təhlükəli patogendir. Virus yarasalardan insanlara keçə bilər və ağır ensefalit, həmçinin kəskin tənəffüs yolu xəstəliklərinə səbəb olur. Bəzi hallarda ölüm göstəricisi 80 faizə qədər yüksəlir. Virus əsasən Cənubi və Cənub-Şərqi Asiya ölkələrində qeydə alınır. 1998-ci ildə aşkar edildikdən sonra təxminən 1000 yoluxma halı qeydə alınıb və hazırda bu virusa qarşı təsdiqlənmiş peyvənd mövcud deyil.
Qeyd edək ki, yanvar ayında Hindistanın Qərbi Benqal əyalətində “Nipah” virusuna yoluxmanın iki halı aşkarlanıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





