İranın daxili böhranı və Vaşinqtonun dilemması
30 Yanvar 2026 11:31   30 Jan 2026 11:33 Paylaş

İran rəhbərliyi ölkədə ötən ilin dekabrın sonundan gərginləşən vəziyyətin tədricən normala qayıtdığını açıqlamağa başlayıb. Bir neçə gün əvvəl ölkə rəsmiləri etiraz aksiyalarının tamamilə nəzarət altına alındığını bəyan edib. Müxtəlif məlumatlara və iddialara görə, İranda etirazlar zamanı 30 000 nəfər öldürülüb. Bununla yanaşı, etirazlar çərçivəsində 26 mindən çox iştirakçının saxlanıldığı, 5800-dən çox şəxsin isə yaralandığı ehtimal olunur. İran hakimiyyəti ölənlərin sayı ilə bağlı rəsmi məlumat açıqlamasa da, bir neçə min nəfərin həlak olduğunu bildirib.

“Stabil.az”ın məlumatına görə, lakin müxtəlif beynəlxalq qurumlar, insan haqları təşkilatları, eləcə də kütləvi informasiya vasitələri mənzərənin bəyan edildiyindən daha fərqli olduğunu iddia edirlər.

Belə ki, “The New York Times” qəzeti öz mənbələrinə istinadən sözügedən məsələyə dair araşdırma təqdim edib.

Burada yer alan məlumata görə, ABŞ Prezidenti Donald Tramp kəşfiyyat xidmətlərindən İran hökumətinin mövqelərinin zəiflədiyini göstərən bir neçə hesabat qəbul edib.

Nəşr qeyd edir ki, hesabatlar İran hökumətinin mövqelərinin 1979-cu il inqilabı zamanı şahın devrilməsindən bəri ən aşağı səviyyədə olduğunu göstərir.

News about -  İranın daxili böhranı və Vaşinqtonun dilemması

Bildirilir ki, ötən ilin sonunda başlayan etirazlar İran hökumətinin əsas dayaqlarını sarsıdıb. Bu isə xüsusilə etirazlar rəsmi şəxslərin İranın ali lideri Ayətullah Əli Xameneinin əsas dəstək bazası hesab etdiyi bölgələrə yayıldıqdan sonra qeydə alınıb.

Məqalədə qeyd olunur ki, ölkədə etirazlar dayansa da, hökumət hələ də çətin vəziyyətdə qalır. Kəşfiyyat hesabatlarında dəfələrlə vurğulanıb ki, etirazlarla yanaşı, İran iqtisadiyyatı tarixi baxımdan olduqca zəif vəziyyətdədir.

Nəşr yazır ki, yanvar ayında etirazlar genişlənəndə İran hökuməti ailələrin üzləşdiyi maliyyə çətinliklərini yüngülləşdirmək üçün çox az imkanının olduğunu anlayıb. Buna görə də rəsmi şəxslər sərt repressiyalara əl atıblar ki, bu da əhalinin geniş təbəqələrini hökumətdən daha da uzaqlaşdırıb.

Bütün bu məlumatlar fonunda ABŞ hərbçilərinin regionda öz qüvvələrini artırdığı müşahidə edilir. Lakin bununla belə, Tramp administrasiyasının hansı addımları nəzərdən keçirdiyi hələ də tam aydın deyil.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt Donald Trampın dünyanın hər yerindən kəşfiyyat məlumatları əldə etməsinin aydın məsələ olduğunu deyib: “Bu tip mövzularda mütəmadi hesabatlar almamaq dövlət başçısının vəzifə öhdəliklərinin pozulması olardı. İran məsələsinə gəldikdə isə, Prezident Tramp vəziyyəti diqqətlə izləməkdə davam edir”.

Bununla yanaşı, İranda aksiyalar davam etdiyi dövrdə D.Tramp İran hökumətinin etirazları amansızcasına yatırmasına görə İrana zərbə endirə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Lakin nəşrin yazdığına görə, onun müşavirləri zərbənin faydaları barədə fikir ayrılığı yaşayırlar, xüsusilə də əgər bu, yalnız etirazların yatırılmasında iştirak edən hökumət strukturlarına qarşı simvolik zərbə olacaqsa.

Məqalədə vurğulanır ki, Tramp İran hökuməti aksiyalar zamanı Kərəcdə saxlanılan Erfan Soltani adlı etirazçıya qarşı planlaşdırılan edamı ləğv etdikdən sonra hərbi zərbələrdən imtina etmiş kimi görünür.

News about -  İranın daxili böhranı və Vaşinqtonun dilemması

Bundan əlavə, yüksəkvəzifəli ABŞ rəsmisinin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu da ABŞ prezidentindən İrana qarşı hücumu təxirə salmağı xahiş edib.

Eyni zamanda, hazırda İranda ölkə rəhbərliyini devirmək üçün imkan yarandığını düşünənlər də var. Tramp isə regionda dəniz qüvvələrinin artırılmasını “armada” adlandıraraq güc tətbiqi ilə hədələməyə davam edir.

Cənubi Karolinadan olan senator Lindsi Qrem bildirib ki, ABŞ-nin məqsədi “rejimə son qoymaqdır”, çünki etirazçıların edam olunması təhlükəsi hələ də qalmaqdadır.

“Bəlkə bu gün onları öldürməyəcəklər, amma gələn ay hələ də hakimiyyətdə olsalar, o zaman öldürəcəklər”, – deyə Lindsi Qrem qeyd edib.

Tramp həmçinin İrana ən möhkəmləndirilmiş nüvə və elmi-tədqiqat obyektlərinə zərbə endirilməsi ehtimalını xatırladaraq, onların fəaliyyətini diqqətlə izlədiyini vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol