Gideon Saarın Bakı səfəri: Azərbaycan-İsrail münasibətlərində yeni səhifə
Məlum olduğu kimi, İsrail dövlətinin xarici işlər naziri Gideon Saar Azərbaycana səfər edib. Səfər çərçivəsində ilk olaraq yəhudi icması ilə geniştərkibli görüş keçirən İsrailin XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Bununla yanaşı, G.Saar Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirib, eləcə də İsrail-Azərbaycan forumunda iştirak edib.
İsrailin XİN rəhbərinin ölkəmizə səfəri zamanı hansı məsələlər müzakirə edilib və Gideon Saar Bakıdan hansı mesajları verib?
“Stabil.az”ın məlumatına görə, israilli nazir XİN rəhbəri Ceyhun Bayramovla görüşündən sonra mətbuata açıqlamasında Bakıda apardığı müzakirələr barədə danışıb.
Onun sözlərinə görə, Bakıya kənd təsərraftı, kibertəhlükəsizlik, infrastruktur və s. bu kimi müxtəlif sahələr üzrə fəaliyyət göstərən 40 biznesmenlə gəlib. Səfərin məqsədlərindən danışan nazir İsrailin Azərbaycana investisiya yatırmaq, eləcə də öz təcrübəsini ölkəmizlə bölüşmək niyyətində olduğunu diqqətə çatdırıb.

Bununla yanaşı, o qeyd edib ki, ötən il iki ölkə arasında ticarət və turizm əlaqələri inkişaf edib. Bildirilib ki, 2025-ci ildə 60 min israilli turist Azərbaycana səfər edib. Nazir 2026-cı ildə bu rəqəmin daha da artacağına ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan bir neçə il əvvəl İsraildə səfirliyini açdıqdan sonra iki ölkə arasındakı əlaqələlər daha da inkişaf edib.
G.Saar günün ikinci yarısında İsrail-Azərbaycan biznes forumunda çıxış edərkən isə Azərbaycanla İsrail arasında sıx strateji dostluq münasibətlərinin mövcudluğunu xatırladıb və bu münasibətlərin iqtisadi sahəni də əhatə etdiyini vurğulayıb.
Nazir həmçinin ölkəmizin mühüm regional və aparıcı coğrafi mövqeyə malik olduğunu söyləyib: “Bu, Azərbaycanı İsrail biznesi üçün bütün regiona, eləcə də Mərkəzi Asiya regionuna çıxış qapısına çevirir. Bakı ilə Təl-Əviv arasında həftədə 20 birbaşa uçuş həyata keçirilir”.
Bununla yanaşı, XİN rəhbəri SOCAR-ı 2025-ci ilin yanvarında İsrailin Aralıq dənizində yerləşən “Tamar” təbii qaz yatağına investisiya yatırdığına görə təqdir etdiyini vurğulayıb:
“İnanıram ki, bu, Azərbaycanın xarici və iqtisadi siyasətində ağıllı yanaşmasını əks etdirir. Bu, həmçinin strateji tərəfdaşlıqda qarşılıqlı etimad və iqtisadi faydanı nümayiş etdirir. Güclü iqtisadi münasibətlərimiz xalqlarımız və hökumətlərimiz arasında mövcud olan yaxın əlaqələri əks etdirir və xalqlar arasında əlaqələr mövcud olduqda münasibətlər həqiqətən də güclənir. Amma mən inanıram ki, bu iqtisadi münasibətlər daha da böyük potensiala malikdir və biz bunu reallaşdırmaq niyyətindəyik. Məhz buna görə də bu gün İsrailin ən böyük biznes və iqtisadi liderlərindən, iqtisadi təşkilatlardan və şirkətlərdən ibarət nümayəndə heyəti ilə ölkənizə gəlmişəm. Bu nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrini su, enerji, səhiyyə, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrini təmsil edirlər. Biz bu strateji tərəfdaşlığı növbəti səviyyəyə qaldırmaq istəyirik. Qarşılıqlı investisiyalarımızı və xalqlararası münasibətlərimizi inkişaf etdirmək əzmindəyik”.
Bu məqamda əminliklə deyə bilərik ki, hazırda Azərbaycanla-İsrail arasında münasibətlər strateji xarakter daşıyır. İsrailli nazirin Bakıya səfəri isə iki ölkə arasında münasibətlərin daha da möhkəmdirilməsinə böyük töhfə verəcək.
İsrail xarici işlər nazirinin Bakıya səfəri iki ölkə arasında münasibətlərin dinamikası baxımından hansı əhəmiyyətə malikdir?
İsrail rəsmisinin bu yüksəksəviyyəli səfəri Azərbaycan-İsrail əlaqələrinin inkişafının qorunub saxlanılması prizmasından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Uzun illərdir strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən bu münasibətlər regional və qlobal geosiyasi proseslər fonunda yeni praktiki istiqamətlər qazanmağa başlayıb. Saarın səfəri həm ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, həm də regional təhlükəsizlik və enerjidən tutmuş bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir.
Nazirin Bakıya səfəri tərəflərin bu mövcud əməkdaşlığın davamlılığını və gələcək mərhələyə keçid niyyətini bir daha təsdiqləyir.

Bu səfər regional və qlobal geosiyasi proseslər fonunda da xüsusi məna kəsb edir. İsrailin yüksəksəviyyəli rəsmisinin Bakıya səfəri Azərbaycanın Yaxın Şərq məsələlərində etibarlı və praqmatik tərəfdaş kimi özünü doğrultduğunu nümayiş etdirir.
G.Saarın səfəri təkcə ikitərəfli münasibətlər baxımından deyil, beynəlxalq ictimaiyyət üçün də siyasi mesaj xarakteri daşıyır. Bu səfər Azərbaycanın multikulturalizm və dini tolerantlıq prinsiplərinə sadiqliyini göstərir. İsrail üçün isə Azərbaycan regionda nadir müsəlman ölkələrindən biri olaraq İsraillə sabit və qarşılıqlı faydalı münasibətlər saxlayan etibarlı tərəfdaşdır.
Ümumilikdə, İsrailin xarici işlər nazirinin Bakıya səfəri Azərbaycan-İsrail münasibətlərində müsbət dinamikanın davam etdiyini və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdığını göstərir. Səfər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, regional sabitliyə töhfə verə biləcək təşəbbüslərin təşviqinə və qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlığın dərinləşməsinə zəmin yaradır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





