“Geriyə yol yoxdur!” - Trampın Qrenlandiya planı
Qrenlandiya adası ətrafında müzakirələr səngimək bilmir. Beynəlxalq narazılıqlara baxmayaraq, ABŞ Prezidenti Donald Tramp adanın Vaşinqtonun nəzarəti altına keçməli olduğuna qətiyyətlə təkid edir.
“Stabil.az” xəbər verir ki, son günlər Qrenlandiya ilə bağlı müzakirələr daha da genişlənib və bu günlərdə Davosda dünya liderlərini bir araya gətirən Dünya İqtisadi Forumunda da bu mövzu əsas müzakirələrdən birinə çevrilib desək, yanılmarıq.
Bəs bu mövzu ilə bağlı ən son yeniliklər nələrdən ibarətdir?
Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında Qrenlandiyada ABŞ bayrağının dalğalandığını əks etdirən təsvir paylaşıb. Həmin paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub və ABŞ liderinin öz ideyasında nə dərəcədə qəti olduğu vurğulanıb.
Ağ Ev rəhbərinin bu gün Davosdakı forumda iştirakı gözlənilir və o bu tədbir çərçivəsində Avropa ölkələrinin liderləri ilə Qrenlandiya məsələsi ətrafında müzakirələr aparmağı planlaşdırır.
Belə ki, səfərdən əvvəl açıqlama verən Tramp Dünya İqtisadi Forumu çərçivəsində Qrenlandiya məsələsi ilə bağlı “müxtəlif tərəflərlə” görüşə razılaşdığını bəyan edib: “Hər kəsə izah etdiyim kimi, Qrenlandiya milli və beynəlxalq təhlükəsizliküçün böyük əhəmiyyət kəsb edir. Geriyə yol yoxdur”.

Bununla belə, ölkə mediasına müsahibəsində ABŞ lideri Qrenlandiyaya nəzarəti təmin etmək üçün güc tətbiq edib-etməyəcəyi ilə bağlı suala cavab verməyib. Bunun əvəzində, o, razılıq əldə olunmazsa, AVropa ölkələrinə qarşı sanksiyaları sərtləşdirəcəyini vurğulayıb.
Eyni zamanda, Tramp qeyd edib ki, fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan ölkəyə idxal edilən məhsullara 10 faizlik gömrük rüsumu qüvvəyə minəcək. Bu rüsumların isə gələcəkdə 25 faizə qədər artırılması istisna edilmir.
Avropanın Trampın qərarlarına reaksiyası necə ola bilər?
Avropanın ABŞ liderinin planları ilə bağlı ata biləcəyi mümkün addımlara keçməzdən əvvəl ittifaq ölkələrinin bu günə qədər Donald Trampın açıqlamalarına reaksiyalarına nəzər salaq.
Bir neçə gün əvvəl Avropanın səkkiz ölkəsinin lideri birgə bəyanat yayaraq Qrenlandiya məsələsində Danimarka ilə həmrəy olduqlarını bildiriblər. Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ tərəfindən həmin ölkələrə münasibətdə gömrük rüsumlarının artırılması ilə bağlı təhdidlər tərəflər arasındakı münasibətlərin pozulması təhlükəsiz yaradır.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə ərazilərə öz talelərini özləri həll etmək imkanının verilməli olduğundan danışıb: “Biz təzyiqə boyun əyməyəcəyik. Biz qəti olaraq dialoq, hörmət və beynəlxalq hüquq mövqeyindən çıxış edirik”.
Yanvarın 19-da isə Danimarka artıq adada olan 200-dən çox hərbçiyə əlavə olaraq Qrenlandiyaya əsgərlər yolladı.
Yanvarın 20-də Davosdakı forumda çıxış edən Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin sözlərinə görə, Avropa Arktikanın təhlükəsizliyini təmin etməyə tam sadiqdir. Leyen bildirib ki, Arktikanın təhlükəsizliyinə yalnız birgə səylər nəticəsində nail olmaq mümkündür. O bu xüsuda Donald Trampın təklif etdiyi əlavə tariflər təşəbbüsünü səhv adlandırıb.
Almaniya Kansleri Fridrix Merts isə Davos İqtisadi Forumu kulislərində Donald Trampa görüşməyə çalışacağını bildirib. O, həmçinin tərəflər arasında ticarət sahəsində mübahisənin arzuolunmaz olduğunu diqqətə çatdırıb. Bununla belə, kansler “Lakin əgər biz əsassız hesab etdiyimiz tariflərlə üzləşəriksə, biz cavab vermək iqtidarındayıq” - deyə vurğulayıb.
Avropa İttifaqı ölkələrinin liderləri məsələyə həll yolu tapmaq və mümkün fəaliyyət variantları ətrafında fikir mübadiləsi aparmaq üçün bir neçə gün sonra Brüsseldə növbədənkənar sammit keçirməyi planlaşdırır.
Burada isə həll yolu variantlarından biri ABŞ-dən idxal olunan məhsullara 93 milyard avro həcmində tariflər paketi ola bilər. Bu qərar isə fevralın 6-da avtomatik olaraq qüvvəyə minə bilər.

Digər variant isə rəsmi olaraq “Məcburiyyətə Qarşı Mübarizə Aləti (Anti-Coercion Instrument, ACI) kimi tanınan qanundur. Bu qanun Avropa İttifaqına Aİ-yə üzv olmayan ölkələr tərəfindən edilən iqtisadi təzyiq və şantaja qarşı cavab tədbirləri görməyə imkan verir.
Sözügedən qanun isə dövlət tenderlərinə, investisiyalara və bank fəaliyyətinə çıxışı məhdudlaşdırmağa, eləcə də ABŞ-nin Avropa İttifaqı ilə müqayisədə profisitə malik olduğu xidmətlər ticarətinə (o cümlədən rəqəmsal xidmətlər sahəsində) məhdudiyyətlər tətbiq etməyə imkan verir.
Bütün bu müzakirələr fonunda Avropa İttifaqı ABŞ ilə bütün səviyyələrdə qarşılıqlı fəaliyyəti davam etdirdiyini, lakin “ACI” qanunundan istifadənin gündəlikdən çıxarılmadığını vurğulayıb.
Beləliklə, planlaşdırıldığı kimi Davosda hazırda baş tutan forum çərçivəsində tərəflər arasında danışıqlar mümkün olarsa, beynəlxalq ictimaiyyəti Qrenlandiya məsələsində bir sıra yeniliklər gözləyə bilər. Bu yeniliklərin kimin lehinə olacağını isə zaman göstərəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





