Əbu-Dabi danışıqları: Moskva, Kiyev və Vaşinqton nəyi müzakirə etdi?
2 Fevral 2026 10:11   02 Feb 2026 11:03 Paylaş

Yanvarın 23 və 24-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndələrinin iştirakı ilə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar keçirildi. Mətbuata qapalı baş tutan görüşdən sonra Moskva, Vaşinqton və Kiyev danışıqların detallarını zaman keçdikcə qismən açıqlamağa başlayıblar. Bununla belə, hər üç tərəfin bəyanatlarında ortaq bir cəhət var. Bu isə ondan ibarətdir ki, tərəflər danışıqları konstruktiv adlandırır və onları davam etdirməyə hazır olduqlarını ifadə edirlər. Eyni zamanda, Moskva və Kiyev növbəti məsləhətləşmələrin artıq bu həftə ərzində keçirilə biləcəyini açıqlayıb.

Hazırda Rusiya-Ukrayna müharibəsinin gedişatını yaxından izləyən hər kəsi üçtərəfli görüşdə hansı mövzuların müzakirə edildiyi, eləcə də gələcək addımlar maraqlandırır.

“Stabil.az”ın məlumatına görə, BƏƏ-də keçirilən bu görüşdə Rusiya və Ukraynanı təmsil edən nümayəndə heyətləri ilk dəfə olaraq ABŞ-nin 2025-ci ilin oktyabr ayının sonundan etibarən “məkik diplomatiyası” (shuttle diplomacy) üsulu ilə razılaşdırdığı sülh planını birbaşa müzakirə ediblər.

Tərəflərin görüşü isə Qasr əş-Şati adlı qapalı diplomatik iqamətgahda baş tutub. Qeyd edək ki, bu obyekt açıq xəritələrdə göstərilmir və xüsusilə mühüm görüşlər üçün istifadə olunur.

Rusiya nümayəndə heyətinə Baş Qərargahın Baş İdarəsinin rəisi, admiral İqor Kostyukov rəhbərlik edib. Bununla yanaşı, heyətə Rusiya Müdafiə Nazirliyinin nümayəndələri daxil olub. Rusiya tərəfi nümayəndə heyətinin siyahısını rəsmi olaraq açıqlamasa da, görüşdə Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edib.

News about -  Əbu-Dabi danışıqları: Moskva, Kiyev və Vaşinqton nəyi müzakirə etdi?

Ukrayna nümayəndə heyətinin tərkibi isə ölkə lideri Volodimir Zelenskinin fərmanı ilə təsdiqlənib. Heyətin tərkibini nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Ofisinin rəhbəri Kirill Budanov, Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiya, Prezident Ofisinin rəhbərinin birinci müavini Sergey Kislitsa, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov, Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşçenko və onun müavini Vadim Skibitski, Prezident Ofisinin iqtisadi məsələlər üzrə müşaviri Aleksandr Bevz də daxil olmaqla 10 nəfər təşkil edib.

ABŞ tərəfinə gəldikdə, bu ölkəni prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, Donald Trampın kürəkəni və onun qeyri-rəsmi nümayəndəsi Cared Kuşner və digər rəsmilər təmsil edib.

Üçtərəfli təmaslardan bir gün əvvəl, yanvarın 22-də Uitkoff və Kuşner Davosda Ukrayna nümayəndə heyəti ilə, daha sonra isə gecə saatlarında Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.

Tədbir məkanından yayılan foto və videolara əsasən, nümayəndə heyətləri danışıqları bir neçə zalda həyata keçiriblər. “The Associated Press”ə açıqlama verən ukraynalı mənbənin sözlərinə görə, bəzən iştirakçılar ayrıca müzakirələr üçün kənara çəkilir, bəzən hamı birlikdə görüşür, bəzən isə qruplar mövzular üzrə ayrılırdı. Adı açıqlanmayan amerikalı rəsmilər isə “Axios” portalına bildiriblər ki, plenar iclasdan sonra tərəflər işçi qruplarına bölünüb, ABŞ nümayəndələri isə danışıqları koordinasiya edərək zallar arasında hərəkət ediblər.

Danışıqlar zamanı konkret gündəlikdə olan məsələlər və yekunda hansı nəticələrin əldə edildiyi rəsmi olaraq açıqlanmasa da, hər iki ölkə mediası öz mənbələrinə istinadən bəzi detallar yayımlayıb.

“RBK-Ukraina”nın məlumatına görə, Rusiya Kiyevdən Donbasın Ukraynanın nəzarətində olmayan hissəsindən Ukrayna Silahlı Qüvvələrini çıxarmağı tələb edib. Bildirilib ki, Ukrayna bu ideyanı rədd etsə də, ərazi məsələsini mövcud təmas xətti əsasında müzakirə etməyə razılaşıb.

Qeyd edək ki, iki ölkə arasında sülh məsələsində ən problemli aspekt Krımın, “Donetsk və Luqansk Xalq Respublikalarının”, Zaporojye və Xerson vilayətlərinin statusu və mənsubiyyəti ilə bağlıdır. Rusiya Konstitusiyasında bu ərazilər Rusiya Federasiyasının subyektləri kimi göstərilir. Kiyev isə bu əraziləri öz “qırmızı xətləri”ndən biri hesab edir.

Onu da bildirək ki, ABŞ nümayəndəsi S.Uitkoff keçirilən danışıqları “çox konstruktiv” adlandırıb və Əbu-Dabidə müzakirələrin davam etdirilməsi barədə razılaşmanı təsdiqləyib.

“Axios” portalının mənbələrinin sözlərinə görə, tərəflər Donbasın və Zaporojye Atom Elektrik Stansiyasının gələcək statusu, eləcə də mümkün qarşılıqlı deeskalasiya tədbirləri kimi çətin məsələlərdən yayınmayıblar.

News about -  Əbu-Dabi danışıqları: Moskva, Kiyev və Vaşinqton nəyi müzakirə etdi?

Digər bir amerikalı rəsmi “Reuters” agentliyinə bildirib ki, nümayəndə heyətləri müzakirələri “ən xırda detallara qədər” apara biliblər və növbəti görüşün “bu razılaşmanı yekun mərhələyə çatdıra biləcəyinə” ümid etdiyini söyləyib.

“Politico”nun da mənbələrinin danışıqlar barədə qiymətləndirmələri müsbət olub. Onların sözlərinə görə, hər iki tərəf sülhdən nə əldə edə biləcəklərini təsəvvür etməyə başlayır: məsələn, Ukrayna üçün bərpa və rifah planı, Rusiya üçün isə ABŞ ilə biznes sazişləri bağlamaq imkanları. Amerikalı rəsmilər vurğulayıb ki, danışıqların əhəmiyyətli hissəsi iqtisadi məsələlərə, eləcə də Zaporojye Atom Elektrik Stansiyasının üzərində nəzarət probleminə həsr olunub. Bildirilir ki, Moskva stansiyanın istehsal etdiyi elektrik enerjisinin Rusiya və Ukrayna arasında bölüşdürülməsi ideyasını dəstəkləyib.

Ümumilikdə tərəflərin açıqlamalarına əsasən, BƏƏ görüşünün konstruktiv və müsbət məcrada getdiyini demək mümkündür. Bu müsbət dialoqun növbəti görüş zamanı da davam etdiriləcəyini proqnozlaşdırmaq olar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol