Dünyada qızılın qiyməti niyə artır?
28 Yanvar 2026 12:38   16 Feb 2026 13:09 Paylaş

Birjalarda qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 5 min dollar səviyyəsini ötərək rekord səviyyəyə çatıb. Belə ki, COMEX birjasında aprel fyuçersləri üzrə qızılın bir unsiyasının qiyməti 5020 dollara çatıb. Qızılın bir unsiya üçün qiyməti 4 min dollardan 5 min dollara yüksəlməsi isə cəmi 3 ay ərzində baş verib. Qiymətlərin rekord səviyyəyə çatması həm investorların, həm də iqtisadçıların diqqətini yenidən bu qiymətli metala yönəldib.

“Stabil.az”ın məlumatına görə, dünya üzrə ekspertlər qızıl qiymətlərinin dəyişməsinin hansı səbəbdən qaynaqlandığını və bu qiymətli metalın dəyəri ilə bundan sonra nə baş verəcəyi barədə proqnozlarını səsləndiriblər.

Qeyd etmək lazımdır ki, qızılın qısa zaman kəsiyində sürətlə bahalaşması qlobal iqtisadi və geosiyasi proseslərlə sıx bağlıdır.

Ötən il ərzində qızılın qiymətində 64%-dən çox artım müşahidə edilib. Bu artımın əsas səbəblərindən biri dünyada yüksələn geosiyasi gərginlikdir. Qiymətli metalın bahalaşmasına Yaxın Şərqdə və Şərqi Avropada artan gərginlik fonunda təhlükəsiz aktiv kimi ona tələbin yüksəlməsi, həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaltma dövrünə başlaması kimi amillər səbəb olub. Faiz dərəcələrinin azaldılması dolların gəlirliliyini zəiflədir və nəticədə qızıl kimi gəlir gətirməyən, lakin dəyər saxlayan aktivlər daha cəlbedici olur. Son dövrlərdə FED-in yumşaq monetar siyasətə keçməsi qızılın bahalaşmasına əlavə təkan verib.

Qızıl bu cür dövrlərdə dəyərini qoruyan aktiv kimi çıxış edir və qeyri-müəyyənlik artdıqca ona olan tələbat da yüksəlir.

News about -  Dünyada qızılın qiyməti niyə artır?

Artımın digər mühüm amili olaraq isə aktivlərini şaxələndirmək və dollardan imtina etmək istəyən mərkəzi bankların iri həcmli alışları göstərilir. Bir çox ölkənin mərkəzi bankları ehtiyatlarını diversifikasiya etmək və dollardan asılılığı azaltmaq məqsədilə iri həcmdə qızıl alışı həyata keçirir. Fiat valyutalara inamın zəiflədiyi bir şəraitdə qızıl yenidən strateji ehtiyat aləti kimi ön plana çıxır. Bu tendensiya qızılın uzunmüddətli perspektivdə də yüksək qiymətlərdə qalacağına dair gözləntiləri gücləndirir.

Cari ilin əvvəlində baş verən hadisələr, o cümlədən ABŞ-nin Venesueladakı əməliyyatı və ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarətin əldə olunması ilə bağlı bəyanatları da qiymət dəyişmələrinin yeni tarixi maksimumlara yüksəlməsinə töhfə verib.

Ekspertlər qızılın qiymətləri ilə bundan sonra nə baş verəcəyi və gələcək dinamikası ilə bağlı fərqli fikirlər səsləndiriblər. Bəzi analitiklərin fikrincə qızılın qiymətinin daha da artması üçün ilkin şərtlər mövcuddür. Bildirilib ki, qiymət artımı bir unsiya üçün 5,6 - 5,8 min dollar səviyyəsinə qədər davam edə bilər və bu səviyyədə müəyyən fasilə yarana bilər. Məlumata görə, daha uzunmüddətli perspektivdə isə qızılın dəyərinin mövcud səviyyələrlə müqayisədə iki dəfə arta biləcəyi və bir unsiya üçün 10-12 min dollara çata biləcəyi istisna edilmir. Bu isə ölkələrin mərkəzi banklarının yenidən qızıl ehtiyatlarını artırmağa qayıda biləcəkləri ilə əsaslandırılır.

News about -  Dünyada qızılın qiyməti niyə artır?

Bununla belə, bəziləri dünyada hərbi-siyasi vəziyyətin sabitləşməsi və qlobal iqtisadi sabitliyin qorunmasının qızıl qiymətlərində enməyə gətirib çıxara biləcəyini düşünürlər.

Bir qrup ekspert isə qızılın qiymətinin bir unsiya üçün 5 min dollar səviyyəsinə qədər hazırkı artımının daha çox spekulyativ xarakter daşıdığını iddia edib. Bu metal ətrafındakı spekulyativ dalğa zəiflədikdə qiymətlərin də azalacağını deyən ekspertlər, uzunmüddətli perspektivdə qızılın qiymətinin yenidən bir unsiya üçün təxminən 4 min dollar səviyyəsinə qayıda biləcəyini də istisna etmirlər.

Nəticə etibarilə, qızılın rekord həddə yüksəlməsi müasir dünyanın iqtisadi və siyasi reallıqlarının bir əksidir. Qısamüddətli dalğalanmalar mümkün olsa da, qızıl yaxın illərdə də investorlar üçün mühüm qoruyucu aktiv olaraq qalacaq və qlobal bazarlarda əsas diqqət mərkəzində olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol