DTX xarici səfirliyə planlaşdırılan terror hücumunun qarşısını alıb
27 Yanvar 2026 09:39   Paylaş

Azərbaycanda xarici ölkənin səfirliyinə qarşı terror hücumu planlaşdıran şəxslər saxlanılıb.

“Stabil.az” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları — 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə qarşı terror aktı törətməyə hazırlaşmalarına dair əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycandakı səfirliyinə terror hücumu həyata keçirmək məqsədilə silah qismində istifadə olunan predmetlər əldə ediblər. Onlar səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol