Daşaltı əməliyyatından 34 il ötür
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 34 il ötür.
“Stabil.az” xatırladır ki, əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.
Əməliyyat üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planına əsasən, taqım Nəbilər kəndi vasitəsilə Qızılqaya hündürlüyünə qalxaraq, Daşaltıdan Sığnaxa aparan yolu kəsməli idi; ikinci plan isə Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub.
Uğursuzluğun əsas səbəbləri hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkili, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti olub. Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb, digər tağımlar isə itki verərək geri çəkiliblər.
Azərbaycan Ordusu əməliyyatda təxminən 100 itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini, polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Ermənilər də xeyli itki verib; əməliyyat zamanı 80 döyüşçü məhv edilib.
Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar, o cümlədən Daşaltı kəndi azad olunub. 2020-ci ilin noyabrın 9-da Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib və beləliklə, 28 ildən sonra “Daşaltı əməliyyatı”nın qisası alınmış olub.
Azad olunandan sonra işğal altında saxlanılan torpaqlarda kütləvi məzarlıqlar aşkarlanıb. Onlardan biri 2021-ci ilin fevralın 17-də Daşaltı kəndi ərazisində aşkar edilib və 7 nəfərə məxsus meyit qalıqları götürülüb.
Daşaltı kəndində aşkar edilmiş əlləri və ayaqları bağlı, güllələnmiş şəxslərə məxsus kütləvi məzarlıqlar ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




