Builki Davos forumu nə ilə yadda qaldı?
26 Yanvar 2026 10:05   26 Jan 2026 10:08 Paylaş

İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu başa çatıb. Ötən illərlə müqayisədə builki forumun müzakirələr və mühit baxımından daha fəal, bir qədər də gərgin keçdiyini desək, yanılmarıq. Dünya liderləri sözügedən platformadan çıxış edərək hazırda dünyada baş verən bir sıra iqtisadi, sosial və bəşəriyyəti narahat edən bir sıra məsələlərlə bağlı mühüm mesajlar səsləndirdi.

“Stabil.az” bu məqaləsində Dünya İqtisadi Forumu çərçivəsində baş verən ən yadda qalan anları bir araya toplayıb.

Əvvəla, qeyd edək ki, bu il Davos forumu demək olar ki, ətrafında üç min iştirakçı toplaşmışdı. Belə ki, tədbirə 60-dan çox dövlət və hökumət başçısı, dünyanın ən iri şirkətlərinin təxminən 850 idarə heyəti sədri və baş icraçı direktoru, eləcə də beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri qatıldı.

Tədbirin təşkilatçıları yanvarın 19-dan 23-nə qədər davam edən forumu qarşılıqlı dinləmə, formalaşmış yanaşmaları yenidən düşünmək və qlobal çağırışlara birgə cavablar axtarmaq üçün bir məkan olaraq təqdim etmişdilər. Məhz bu yanaşmadan irəli gələrək forumun şüarı da “Dialoq ruhu” olaraq seçilmişdi.

News about -  Builki Davos forumu nə ilə yadda qaldı?

Bununla yanaşı, forumun proqramı beş əsas mövzunu - artan qarşıdurma şəraitində əməkdaşlıq, yeni iqtisadi artım mənbələrinin axtarışı, insan kapitalına investisiyalar, innovasiyaların məsuliyyətli şəkildə tətbiqi və qlobal rifahın təmin edilməsini əhatə edirdi. Eyni zamanda, forum çərçivəsində süni intellektin inkişafının nəticələri, səhiyyə, iqlim, təhsil və energetika problemləri, Afrikada iş yerlərinin yaradılması məsələsi, köləliyə qarşı mübarizə, ərzaq təhlükəsizliyi, futbol üzrə dünya çempionatına hazırlıq, Rusiya iqtisadiyyatının dayanıqlılığı kimi mövzulara dair sessiyalar təşkil edilmişdi.

İlk olaraq, forumun həm rəsmi, həm də qeyri-rəsmi gündəmində əsas mövzulardan birinin Ukrayna olacağı gözlənilirdi. Lakin zamanla, üstəlik Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosa səfəri planlaşdırmadığı məlum olduqda forumun mövzusunun bir qədər fərqli olacağına dair ehtimallar yarandı.

Yanvarın əvvəlində Qərb mediası öz mənbələrinə istinadən, münaqişənin tənzimlənməsi istiqamətində məhz Davosda müəyyən irəliləyişin baş verə biləcəyini yazırdı. Xüsusilə, Britaniyanın “The Telegraph” qəzeti Davosda Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp Ukraynanın müharibədən sonrakı bərpasına dair razılaşma imzalaya biləcəklərini bildirirdi.

Bundan əvvəl, forumda ABŞ, Ukrayna və Avropa İttifaqı nümayəndələri arasında təhlükəsizlik zəmanətləri ilə bağlı həlledici müzakirələrin də keçiriləcəyi gözlənilirdi. O cümlədən, Britaniya və Fransanın sülh razılaşması əldə edildikdən sonra Ukraynaya qoşun göndərmək ideyasına Trampın münasibətinin necə olduğu aydınlaşdırılmalı idi. Bu barədə “Financial Times” qəzetinə adının açıqlanmasını istəməyən Avropa mənbəsi məlumat verərək qeyd etmişdi: “ABŞ olmadan bunların heç biri [Ukrayna ərazisində sülhməramlı kontingentin yerləşdirilməsi — red.] baş tutmayacaq”.

News about -  Builki Davos forumu nə ilə yadda qaldı?

Lakin forum ərəfəsində ciddi irəliləyişlər gözləməyə dəymədiyinə eyham vuran ismarışlar yaranmağa başladı. Belə ki, “Axios” nəşrinin amerikalı mənbəsi bildirmişdi ki, Ukraynanın bərpası ilə bağlı razılaşma hələ təkmilləşdirilməlidir. Bu isə Zelenskinin Davosa səfərinin də xüsusi əhəmiyyətinin qalmadığını göstərirdi.

Lakin ABŞ liderinin forumdakı çıxışı onun mövqeyinin bir qədər dəyişdiyini düşünməyə vadar edirdi. Belə ki, o, çıxışı zamanı Zelenskini tənqid etmədi və münaqişənin həm Ukrayna, həm də Rusiya liderləri tərəfindən həll olunmaq istəndiyini bildirdi.

Bundan başqa, o, çıxışında Davosda Zelenski ilə görüşəcəyini də bildirdi. Səhəri gün, yəni yanvarın 22-də isə Zelenski Davosa səfər etdi və tərəflər arasında gözlənilən görüş baş tutdu.

Görüşün detalları açıqlanmasa da, Ukrayna tərəfi danışıqları “yaxşı” olaraq xarakterizə edib.

Bununla yanaşı, Davos forumu Avropa nümayəndələri ilə Tramp arasında dialoq üçün ideal platforma rolu oynaya bilərdi. 

Avropa Komissiyasının sədri Ursula von der Leyen forumdakı çıxışında “ABŞ və bütün tərəfdaşlarla Arktika təhlükəsizliyi üzrə geniş gündəmlə əməkdaşlığa” hazır olduğunu bildirdi. Eyni zamanda, o, Avropanı mövcud geosiyasi sarsıntılardan istifadə edərək müstəqilliyini gücləndirməyə çağırıb və Avropa maraqları və prinsiplərinə hücum edənlərə “sarsılmaz, vahid və proporsional cavab” veriləcəyini vəd edib.

Tədbirin ən emosional çıxışı isə Fransa Prezidenti Emmanuel Makrona məxsus idi. O, öz nitqində 2024-cü ildə dünyada 60-dan çox müharibə qeydə alındığını vurğulayıb.

Fransa lideri, həmçinin çıxışında Avropanın öz milli maraqlarını qorumaq üçün “çox güclü” alətlərə malik olduğunu vurğulayıb. O, burada əsas olaraq, Avropa İttifaqı tarixində indiyədək heç vaxt tətbiq olunmamış “Anti-Coercion Instrument”dən bəhs edirdi. Bu mexanizm çərçivəsində mümkün addımlar sırasında daha əvvəl Amerika texnologiya nəhənglərinə qarşı radikal vergi tədbirləri, onların intellektual mülkiyyət hüquqlarının məhdudlaşdırılması və Aİ ölkələrinə investisiya qoyuluşuna qadağa kimi tədbirlər yer alır.

News about -  Builki Davos forumu nə ilə yadda qaldı?

Bununla belə, Davosda çıxış edən ABŞ-nin maliyyə naziri Skott Bessent avropalıları tariflərə cavab verməməyə, “sakitləşməyə və dərindən nəfəs almağa” çağırıb.

Lakin forumun sonuna doğru gərginlik azalmağa və mühit tamamilə dəyişməyə başladı. D.Tramp NATO-nun baş katibi Mark Rütte ilə danışıqlardan sonra “Truth Social” sosial şəbəkə hesabında paylaşım edərək bu görüşü “çox məhsuldar” adlandırıb və bildirib ki, “Qrenlandiya və daha geniş mənada bütün Arktika regionu ilə bağlı gələcək razılaşmanın çərçivələri formalaşdırılıb”.

“Bu qərar yekunlaşacağı təqdirdə, ABŞ və bütün NATO ölkələri üçün əla olacaq”,  Tramp vurğulayıb. Bununla yanaşı, o, Avropa ölkələrinə qarşı nəzərdə tutulan və fevralın 1-dən qüvvəyə minməli olan rüsumların tətbiq edilməyəcəyini açıqlayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol