“Bitcoin” niyə ucuzlaşır?
Ötən həftə “Bitcoin” kriptovalyutasının məzənnəsi demək olar ki, fasiləsiz şəkildə enib və fevralın 2-də 2025-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə düşərək 75 min dollar həddini keçib.
“Stabil.az”ın məlumatına görə, ekspertlər dünyanın ən populyar kriptovalyutasının qiymətinə təsir edən bir neçə əsas amili qeyd ediblər.
Bunlar arasında, ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsini əvvəlki səviyyədə saxlamaq qərarı, eləcə də ölkə Prezidenti Donald Trampın FES rəhbəri postuna Kevin Uorşun namizədliyini irəli sürməsi kimi amillər var. Kevin Uorş sərt monetar siyasətin tərəfdarı kimi tanınır, bu səbəbdən investorlar pul siyasətinin daha da sərtləşdiriləcəyindən ehtiyat edirlər.
Belə ki, analitiklərin fikrincə, Uorş monetar intizamın, yüksək real faiz dərəcələrinin və balansın sürətlə azaldılmasının tərəfdarı kimi qəbul olunur. Bu isə daha bahalı pul və riskli aktivlər üçün daha az artıq likvidlik deməkdir.
Bununla yanaşı, qeyd olunur ki, yanvarın 31-də ABŞ hökumətində qismən “şatdaun”un başlaması da bitkoinin qiymətinə təsir göstərib. Bildirilir ki, “şatdaun” səbəbindən ticarət iştirakçıları operativ məlumatlara çıxış imkanını itirirlər və bu da bir çoxlarını artan qeyri-müəyyənlik fonunda portfellərini yenidən formalaşdırmağa vadar edir.

Bundan əlavə, İran və ABŞ arasında münaqişənin kəskinləşməsi fonunda riskli aktivlərə maraq azalıb. Belə ki, hərbi əməliyyatlarla bağlı təhdidlər qeyri-müəyyənliyi artırır: investorlar neft qiymətlərinin bahalaşacağından, bunun ardınca isə inflyasiyanın sürətlənəcəyindən ehtiyat edirlər. Bu isə pul-kredit siyasətinin sərtləşdirilməsini zəruri edə bilər. Bütün bunlar riskli aktivlər üçün riskləri artırır.
Prosesin mənfi məcrada inkişaf etməsini “Microsoft” şirkətinin 2026-cı maliyyə ilinin birinci rübü üzrə hesabatı da gücləndirib. Hesabata əsasən, şirkət süni intellekt üçün data-mərkəzlərə xərclərini əhəmiyyətli dərəcədə artırıb. Bu isə ABŞ-nin aparıcı texnologiya şirkətlərinin səhmlərində süni intellekt “köpüyü”nün formalaşması ilə bağlı narahatlıqları gücləndirib və “kütləvi satış dalğasına səbəb olub.
Bütün bu risklər fonunda hazırda bazar iştirakçılarını “Bitcoin”in qiyməti ilə bağlı proqnozlar maraqlandırır.
Son günlər ən populyar kriptovalyutanın qiymətində müşahidə olunan kəskin enişlər bazarda riskdən qaçış meyllərinin gücləndiyini göstərir. Yuxarıda “Bitcoin”in qiymətinə təsir edən və sadaladığımız amillər yaxın perspektivdə kriptovalyuta bazarı üçün mənfi fon formalaşdırır.
Qısamüddətli dövrdə, daha dəqiq desək, önümüzdəki bir neçə həftə ərzində “Bitcoin”in qiymətində yüksək volatilliyin davam edəcəyini gözləmək olar. 75 min dollar səviyyəsinin aşağı istiqamətdə qırılması bazarda psixoloji təzyiqi artırıb və bu hədd artıq güclü dəstək rolunu itirib. Bu şəraitdə texniki baxımdan 72-70 min dollar diapazonu növbəti əsas dəstək zonası kimi ön plana çıxa bilər. Bazarda tez-tez müşahidə olunan texniki “rebound” - yəni qısamüddətli sıçrayışlar mümkündür, lakin bunların dayanıqlı yüksəlişə çevrilməsi üçün fundamental əsaslar hələ ki zəif görünür.

Orta müddətli perspektivdə “Bitcoin”in dinamikası əsasən ABŞ-də makroiqtisadi göstəricilərdən və FES-in gələcək qərarlarından asılı olacaq. Əgər inflyasiya riskləri və geosiyasi gərginlik səbəbindən pul-kredit siyasətinin daha da sərtləşdiriləcəyi gözləntiləri güclənərsə, riskli aktivlərə, o cümlədən “Bitcoin”ə təzyiq qalmaqda davam edəcək. Eyni zamanda, dolların möhkəmlənməsi kriptovalyutalar üçün əlavə mənfi faktor olaraq çıxış edir.
Daha uzunmüddətli perspektivdə isə vəziyyət nisbətən balanslaşa bilər. Şatdaunun başa çatması, makroiqtisadi qeyri-müəyyənliyin azalması və mərkəzi banklardan daha yumşaq siqnalların gəlməsi fonunda “Bitcoin” yenidən investorların diqqətini cəlb edə bilər.
Ümumilikdə, “Bitcoin”in yaxın dövrdə müəyyən təzyiq altında qalacağını, qiymət dəyişikliyinin daha çox xəbər axını və siyasi bəyanatlarla formalaşacağını proqnozlaşdırmaq olar. Bu mərhələdə bazar üçün əsas ssenari kəskin yüksəliş deyil, dalğavari və ehtiyatlı hərəkətdir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




