“Azərişıq” Cəbrayıl və Xankəndidə elektrik şəbəkəsini yenidən qurur
2 Fevral 2026 16:37   Paylaş

“Azərişıq” ASC Cəbrayıl rayonu və Xankəndi şəhərinin elektrik şəbəkəsinin yenilənməsi istiqamətində genişmiqyaslı işlər aparır.

"Stabil.az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Cəbrayıl şəhəri işğaldan azad edildikdən sonra “Azərişıq” tərəfindən operativ tədbirlər görülüb və 2020-ci il oktyabrın 28-də şəhər mərkəzi elektrik enerjisi ilə təmin olunub. Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 19-da təməlini qoyduğu 35/0,4 kV-luq Rəqəmsal İdarəetmə Mərkəzi 2023-cü il sentyabrın 28-də istifadəyə verilib.

Məskunlaşma aparılan Horovlu kəndinin elektrik təminatı məqsədilə ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, 35 kV-luq Paylayıcı Qurğu (PQ) inşa olunub. Kənd ərazisində 6 müasir tipli 35/0,4 kV-luq Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb, fərdi yaşayış evləri smart sayğaclarla təchiz edilib.

Cəbrayıl şəhərinə köç edən sakinlər üçün Baş Plana uyğun olaraq əlavə 35/0,4 kV-luq, 4x2500 kVA gücündə Transformator Məntəqəsi (TM) tikilərək istismara verilib. Eyni zamanda 0,4 kV-luq yeraltı elektrik xətləri çəkilib və smart sayğaclar quraşdırılıb. Yaxın perspektivdə köçün planlaşdırıldığı Soltanlı, Fuğanlı, Mərcanlı, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi istiqamətində metal dayaqlar basdırılıb, ikidövrəli 35 kV-luq ÖİN-3 xətləri çəkilib.

Horovlu, Şükürbəyli, Xudafərin, Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxulu yaşayış məntəqələri 35 kV-luq elektrik verilişi xətləri vasitəsilə dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

“Azərişıq” ASC eyni zamanda Xankəndi şəhərinin elektrik təsərrüfatının yenidən qurulmasını həyata keçirir. Elektrik Şəbəkəsinin xidməti ərazisinə daxil olan Xocalı şəhərində Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü il mayın 9-da “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Gücü 3200 kVA olan yarımstansiya rayon ərazisində salınan yeni yaşayış komplekslərini, kənd təsərrüfatı və turizm obyektlərini, eləcə də sosial-iqtisadi infrastrukturu etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi daşıyır.

Xocalı şəhərində müxtəlif gücə malik 10 müasir tipli Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xanyurdu yaşayış məntəqələri istiqamətində 35 kV-luq elektrik verilişi xətlərinin tikintisi davam etdirilir. Hazırda həmin yaşayış məntəqələrinin 0,4 kV-luq daxili elektrik şəbəkələri yenilənir.

Bununla yanaşı, Xocalının Şuşakənd və Xanobad kəndlərinə 35 kV-luq ÖİN-3 kabel hava xətlərinin çəkilişi də davam etdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol