Azərbaycanın Ukraynaya humanitar yardımı niyə önəmlidir?
Rusiya və Ukrayna arasında 2022-ci ilin fevralından başlayan müharibə hələ də davam etməkdədir. Demək olar ki, bütün müharibələrdə olduğu kimi, burada da mülki əhali müharibənin dəhşət və əziyyəti ilə birbaşa üz-üzədir. Belə ki, şəhər və kəndlərə, xəstəxana, yaşayış binası, məktəb və nəqliyyat infrastrukturlarına endirilən hava zərbələri əhalinin həyat keyfiyyətinə hədsiz mənfi təsir göstərir. Ukraynaya bu böhranla mübarizə aparmaq üçün isə digər ölkələr kömək əlini uzadır. Bu ölkələrdən biri də məhz Azərbaycandır.
“Stabil.az”ın məlumatına görə, geridə qalan bu dövr ərzində Azərbaycan humanizm ənənələrini davam etdirərək Ukraynaya dəfələrlə humanitar yardım göndərib və hazırda bu yardım davam da etdirilir.
Hazırda davam edən hərbi münaqişə və ölkədə vacib infrastrukturun zərbələr nəticəsində dağıdılması fonunda Azərbaycandan Ukraynaya əsas olaraq elekrik avadanlıqlarından ibarət daha bir humanitar dəstək göndərilib.
Yanvarın 27-də Sumqayıt Texnologiyalar Parkından Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın növbəti partiyası göndərildi.
Bundan daha əvvəl isə, analoji yük yanvarın 20-də göndərilmişdi və yola salınan bu yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27 min metr kabel və naqil daxildir. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri 1 milyon dollardır və bu dəstək hərbi əməliyyatlardan və tez-tez baş verən elektrik kəsintilərindən əziyyət çəkən bölgələrdə dayanıqlı enerji təchizatının bərpasına dəstək vermək məqsədi daşıyır.

Rəsmi mənbələrin məlumatına əsasən, Azərbaycanın son illər ərzində Ukraynaya etdiyi humanitar və bərpa xarakterli yardımların ümumi dəyəri 45 milyon dolları ötüb.
Ölkəmizin Ukraynaya göstərdiyi bu humanitar və bərpa xarakterli yardımlar xüsusi əhəmiyyətə malikdir. Ukrayna nümayəndələri və analitiklər bildirib ki, enerji sektoru müharibə zamanı ən həssas sahələrdən biri olaraq qalmağa davam edir. Belə ki, elektrik enerjisi xətlərinə, eləcə də infrastruktur obyektlərinə tez-tez edilən zərbələr ölkə əhalisi üçün humanitar risklər yaradır. Bu xüsusda, Azərbaycandan elektrik avadanlıqlarının tədarükü sadəcə başqa bir yardım paketi kimi deyil, həm də soyuq aylarda dinc şəhərlərdə həyat təminatının dayanıqlığının artırılmasına əhəmiyyətli bir töhfə kimi qəbul edilir.
Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də ölkənin digər rəsmiləri tez-tez öz açıqlamalarında Azərbaycana Ukraynaya göstərilən humanitar yardıma, eləcə də ölkəyə dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər. Ukrayna tərəfinin sözlərinə görə, ölkəmizin göndərdiyi elektrik avadanlıqları ölkədə elektrik verilişi zamanı yaranan gərgin vəziyyəti yüngülləşdirməyə və hazırda resurs çatışmazlığı yaşanan bir vaxtda vacib sosial obyektlərin işini təşkil etməyə yardım edir.
Azərbaycanın Ukraynaya bu yardımları iki ölkə arasında münasibətləri daha da möhkəmləndirməklə yanaşı, hazırda yardıma ehtiyacı olan ölkə vətəndaşlarına da dəstəkdir. Ölkələr arasındakı münasibətlər uzun illərdir qarşılıqlı hörmət prinsiplərinə əsaslanır ki, bu da humanitar dəstəyi Bakının daha geniş diplomatik və humanitar strategiyasının vacib elementinə çevirir.
Ukrayna ilə yanaşı, Azərbaycanın sözügedən addımı beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. Diplomatik dairələrdə vurğulanıb ki, ölkəmizin müharibə davam edən bir dövrdə Ukraynaya humanitar yardımı birdəfəlik deyil, sistematik xarakter daşıyır ki, bu da böhran şəraitlərində xüsusilə vacib addımdır.

Bildirilib ki, Azərbaycan Ukraynaya humanitar yardım göndərilməsi məsələsinə davamlı və məsuliyyətli yanaşma nümayiş etdirir. Eyni zamanda, qeyd olunub ki, müharibə nəticəsində zərər görmüş energetika infrastrukturunun bərpasına kömək etmək yalnızca iqtisadi sabitliyə töhfə deyil, həmçinin dinc əhalinin qorunmasıdır.
Bununla yanaşı, beynəlxalq münasibətlər üzrə ekspertlər hesab edirlər ki, Azərbaycanın humanitar sahədə sərgilədiyi fəallıq onun məsuliyyətli və etibarlı regional tərəfdaş olaraq nüfuzunu daha da möhkəmləndirir.
Aydındır ki, qlobal qeyri-sabitlik şərtlərində məhz belə addım və təşəbbüslər dövlətlər arasında etimadı formalaşdırır. Azərbaycan bu sahədəki fəaliyyətləri ilə bir daha sübit edir ki, ölkə Avropanın yalnızca enerji sahəsində tərəfdaşı deyil, həm də etibarlı humanitar donoru ola bilər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




