Azərbaycanın Avropa şirkətləri ilə “yaşıl enerji” əməkdaşlığı müzakirə olunub
Avropa Komissiyası ilə bərpa olunan enerji layihələri, xüsusilə günəş və külək enerjisinin istehsalı və ötürülməsi sahəsində Azərbaycanın Avropa şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.
"Stabil.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr Energetika naziri Pərviz Şahbazovun Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüşü zamanı baş tutub.
Görüş zamanı Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji tərəfdaşlığın prioritetləri, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu və yeni alıcı ölkələrin Azərbaycan qazını alması məsələləri müzakirə olunub. Bildirilib ki, ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib.
Qeyd olunub ki, təbii qazla yanaşı, bərpa olunan enerji, enerji səmərəliliyi və digər mühüm istiqamətlər enerji sahəsində strateji tərəfdaşlığa dair Azərbaycanla Aİ arasında imzalanmış Anlaşma Memorandumunda əksini tapıb. Bu sənəd ikitərəfli enerji münasibətlərinin əsasını təşkil edir.
Görüşdə həmçinin elektrik enerjisinin ötürülməsi üzrə regional enerji bağlantıları, Qara dənizdən keçən, Naxçıvan və Gürcüstan üzərindən planlaşdırılan layihələr müzakirə olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ENTSO-E-nin 2026-2036-cı illər üzrə Şəbəkə İnkişaf Planına (TYNDP) daxil edilməsi və “Ortaq Maraqlar Layihəsi” (PMI) statusunun əldə olunması məsələləri də gündəmdə olub. Eyni zamanda, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Azərbaycan və Türkiyəni birləşdirəcək yeni marşrutun Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək strateji enerji dəhlizi rolunu oynayacağı vurğulanıb.
Görüşdə Azərbaycan-Aİ Enerji Dialoqu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





