Azərbaycana ABŞ-dən 18 il sonra ilk mühüm səfər!
26 Yanvar 2026 11:12   26 Jan 2026 11:13 Paylaş

ABŞ Prezidenti Donald Tramp ötən günlərdə Cənubi Qafqaz üçün mühüm əhəmiyyətə malik xəbər açıqladı. Belə ki, fevral ayında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana səfərinin planlaşdırıldığı məlum oldu. D.Trampın açıqlamasına görə, bu səfərin məqsədi sülh səylərini inkişaf etdirmək və “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsini irəli aparmaqdır.

“Stabil.az” xəbər verir ki, “Truth Social” sosial şəbəkə hesabında paylaşım edən ABŞ lideri bildirib ki, ölkəsi Azərbaycanla strateji tərəfdaşlığı möhkəmləndirməyi, Ermənistanla isə Dinc Nüvə Əməkdaşlığı üzrə saziş imzalamağı planlaşdırır.

O, həmçinin ötən ilin avqustunda Vaşinqtonda imzalanmış sülh sazişinə sadiq qaldıqları üçün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.

Bəs Ceyms Devid Vensin Cənubi Qafqaza səfəri fevralda konkret olaraq nə vaxt tuta bilər?

Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ vitse-prezidentinin Azərbaycan və Ermənistana səfərinin dəqiq tarixi hələ məlum deyil. Bununla belə, onun fevralın əvvəlində İtaliyanın Milan və Almaniyanın Münhen şəhərlərinə səfər etməyi planlaşdırdığı məlumdur.

Ötən həftəsonu D.Tramp qeyd edib ki, C.D.Vens fevralın 6-da Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Milana səfər edəcək.

Xarici mediada yayılan məlumata görə isə vitse-prezident fevralın 13-də Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün yenidən Avropaya qayıdacaq.

Bu isə səfərin Milan və Münhendəki tədbirlər arasındakı günlərdə, yaxud Münhendən sonra baş tuta biləcəyi ehtimalını yaradır.

News about -  Azərbaycana ABŞ-dən 18 il sonra ilk mühüm səfər!

Onu da qeyd edək ki, bu, uzun illərdən sonra yüksəksəviyyəli ABŞ rəsminin ölkəmizə ilk belə səfəri olacaq. Belə ki, ABŞ vitse-prezidentinin Bakıya son səfəri 2008-ci il sentyabrın 3-də baş tutub. Bu zaman Corc Buş administrasiyasında vitse-prezident vəzifəsini tutan Dik Çeyni Azərbaycana gəlmişdi.

Çeyni həmin vaxt Ermənistana səfər etməsə də, lakin Gürcüstan və Ukraynada olmuşdu.

Ermənistana isə ABŞ-dən ən son yüksəksəviyyəli səfər 2022-ci ilin sentyabrında ABŞ Nümayəndələr Palatasının sabiq sədri Nensi Pelosinin İrəvana səfəri zamanı qeydə alınmışdı.

İndi isə ABŞ vitse-prezidenti Cənubi Qafqazın hər iki ölkəsinə baş çəkəcək.

Bununla belə, C.Vensin regiona gəlişi çərçivəsində bir zamanlar Qərbin regionda ən etibarlı müttəfiqi olan qonşu Gürcüstana səfər planlaşdırılmayıb. Bu məqamda xatırladaq ki, Gürcüstanda 2024-cü ildə bir sıra yeni qanun qəbul edildikdən sonra tərəflər arasında münasibətlər kəskin şəkildə pisləşib. Ötən ilin mayında isə Gürcüstan Baş naziri İrakli Kobaxidze Donald Tramp və Ceyms Devid Vensə açıq məktub ünvanlayaraq, qarşı tərəfi iki ölkə arasında münasibətlərə aydınlıq gətirməyə çağırıb. Bu zaman o, ABŞ administrasiyasında dəyişiklik olduqdan sonra (D.Trampın 2025-ci ilin yanvarında ikinci prezidentlik dövrünə başlaması - red.) tərəflər arasında yüksək səviyyədə hər hansı təmasın olmadığına diqqət çəkib. Hazırda iki ölkə arasında münasibətlər dondurulmuş və gərgin olaraq qalır.

Buna baxmayaraq, Gürcüstan parlamentinin birinci vitse-spikeri Giorgi Volski Vensin Cənubi Qafqaza səfərinə münasibət bildirib və qeyd edib ki, vitse-prezidentin Azərbaycan və Ermənistana planlaşdırılan səfəri Vaşinqtonun reallaşmasında mühüm rol oynadığı regional layihələrlə bağlıdır.

News about -  Azərbaycana ABŞ-dən 18 il sonra ilk mühüm səfər!

Onun sözlərinə görə, söhbət artıq Cənubi Qafqazdakı konkret icra mərhələsində olan iqtisadi, maliyyə və ticarət təşəbbüslərindən gedir. Volski qeyd edib ki, Azərbaycanla Ermənistan arasında gərginliyin azalması regionda müsbət qarşılanır və nəqliyyat dəhlizlərinin, eləcə də investisiya layihələrinin inkişafı üçün daha əlverişli şərait yaradır.

O, həmçinin vurğulayıb ki, Gürcüstan özünü Azərbaycan və digər beynəlxalq tərəfdaşların maraq göstərdiyi regional infrastrukturun və logistika marşrutlarının mühüm elementi hesab edir. Eyni zamanda, rəsmi Tbilisi Cənubi Qafqazın uzunmüddətli iqtisadi əməkdaşlıq üçün perspektivli platforma olduğunu düşünür.

C.Vensin regiona gözlənilən səfəri diplomatik simvolik jestdən daha çox, ABŞ-nin Cənubi Qafqazı yenidən özünün strateji gündəminə daxil etdiyini deməyə əsas verir. Bu isə həm Azərbaycan, həm də Ermənistan üçün sülh, iqtisadi inkişaf və beynəlxalq mövqelərin möhkəmlənməsi baxımından yeni imkanlar yarada bilər.

Bununla yanaşı, amerikalı yüksəkvəzifəli qonağın regiona səfəri və Vaşinqtonla yüksəksəviyyəli siyasi təmaslar və əməkdaşlıq Azərbaycanın ABŞ ilə münasibətlərini daha institusional səviyyəyə çıxara bilər. Bu isə özlüyündə təhlükəsizlik sahəsində əməkdaşlıq və regional sabitlik mövzularında siyasi dialoq baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, ABŞ-nin Cənubi Qafqazda sabitliyə marağı Azərbaycanın enerji ixracatçısı kimi rolunun daha da möhkəmləndirilməsinə, eləcə də Orta Dəhliz və digər tranzit marşrutların inkişafına siyasi dəstəyin artması demək ola bilər.

Qeyd etmək lazımdır ki, Donald Trampın ikinci müddətə prezident seçilməsi ABŞ-Azərbaycan münasibətlərində daha realist və konkret nəticələrə fokuslanan yeni bir mərhələnin başlanğıcı oldu. Yeni ABŞ Administrasiyası dialoqa açıq yanaşma, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında Azərbaycanla əməkdaşlıq niyyətini davamlı şəkildə ortaya qoymaqdadır.

Bu yanaşmanın gələcəkdə də davam etdirilməsi iki ölkə arasında münasibətlərin daha institusional və çoxşaxəli məcrada inkişaf edəcəyini deməyə əsas verir. Hazırda tərəflər arasında enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat dəhlizləri və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsi üçün real zəminin formalaşmasını müşahidə etmək mümkündür. Xüsusilə Cənubi Qafqazda sülh gündəminin irəlilədilməsi və post-münaqişə dövründə yeni iqtisadi layihələrin təşviqi Vaşinqton-Bakı xəttində əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər.

Bu kontekstdə, ABŞ vitse-prezidentinin Azərbaycana və ümumilikdə regiona səfərinin artıq regionda başlayan müsbət dinamikaya təkan verəcəyini proqnozlaşdırmaq olar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol