Azərbaycan və Monteneqro təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Azərbaycanla Monteneqro arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
"Stabil.az" Monteneqro Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, bu məsələ DİN-in dövlət katibi Novika Obradoviçin Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev ilə keçirdiyi görüşdə müzakirə olunub.
Görüş zamanı tərəflər iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu, eləcə də iqtisadiyyat və turizm sahələrində uğurlu əməkdaşlığın mövcudluğunu vurğulayıblar. Bununla yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istəyi ifadə olunub.
Səfir Kamil Xasiyev bildirib ki, Azərbaycan vətəndaşları Monteneqronu təhlükəsiz turizm istiqaməti və cəlbedici biznes mühiti kimi tanıyırlar. O, son dövrlər təhlükəsizlik sahəsində əməkdaşlığın təkmilləşdirilməsinə ehtiyac yarandığını qeyd edərək, bu çərçivədə hər iki ölkənin səlahiyyətli qurumları arasında miqrasiya sahəsində Anlaşma və Əməkdaşlıq Memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib və sənədin qarşılıqlı fayda əsasında razılaşdırılaraq imzalanmasını təklif edib.
Novika Obradoviç Azərbaycanla Monteneqro arasında yaxın əlaqələrin mövcudluğunu vurğulayıb, həmçinin Monteneqroda qanuni yaşayış icazəsinə malik Azərbaycan vətəndaşlarının sayı və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Dövlət katibi, həmçinin Monteneqronun Avropa İttifaqı ilə vizə siyasətinin uyğunlaşdırılması və Avropa inteqrasiyası prosesi çərçivəsində 15 yanvar 2026-cı ildən etibarən Azərbaycan vətəndaşları üçün viza rejiminin tətbiq edildiyini diqqətə çatdırıb.
O bildirib ki, hazırda xarici vətəndaşların Monteneqro vizasına elektron qaydada müraciət edə bilməsi üçün müvafiq sistem hazırlanır ki, bu da müraciət prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
Görüşün sonunda təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər imkanların mövcud olduğu və hər iki tərəfin bu istiqamətdə əməkdaşlığa başlamaqda maraqlı olduğu vurğulanıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





