Amnistiya aktı 15 mindən çox şəxsə tətbiq olunub
9 Fevral 2026 11:44   Paylaş

Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan etməsi barədə 19 dekabr 2025-ci il tarixli qərarı çərçivəsində 22 dekabr 2025 – 8 fevral 2026-cı il tarixləri arasında 15 119 nəfərə amnistiya tətbiq olunub.

"Stabil.az" bu barədə Ədliyyə Nazirliyinə istinadən  məlumat verib.

Bildirilib ki, amnistiya tətbiq olunan şəxslərin 5 min 148-i müəyyən müddətə azadlıqdan məhrumetmə, 8 min 914-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1045 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə)

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 15 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 15 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.

Amnistiya tətbiq olunmuş şəxslərdən 1 min 216-sı böyük ictimai təhlükə törətməyən, 13 min 54-ü az ağır, 849-u ağır cinayətlər törətmiş şəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 14 min 345-i kişi (onlardan 18-i yetkinlik yaşına çatmayan şəxslərdir), 774-ü isə qadındır.

Amnistiya aktının icrası davam etdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol