ABŞ vitse-prezidentinin tarixi səfəri Azərbaycan üçün nə vəd edir?
12 Fevral 2026 11:20   12 Feb 2026 11:23 Paylaş

Fevralın 10-da ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakıya ikigünlük rəsmi səfəri baş tutdu. Bu səfər Azərbaycan və ABŞ arasında uzun illərdir davam edən münasibətlərdə nəzərəçarpacaq dönüş nöqtəsi hesab olunur. Bu, həmçinin Vaşinqtonla Bakı arasında ikitərəfli strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu rəsmi olaraq təsdiqləmiş oldu.

“Stabil.az”ın məlumatına görə, fevralın 9-da Ermənistanın paytaxtı İrəvana rəsmi səfərdən sonra Azərbaycana gələn Vensin ölkəmizə səfəri bir neçə mühüm məqamla yadda qaldı.

İlk olaraq, qeyd etmək lazımdır ki, bu, ABŞ vitse-prezidentinin Azərbaycana 18 il sonra baş tutan ilk səfəri oldu. Belə ki, sonuncu dəfə ABŞ vitse-prezidentinin Bakıya son səfəri 2008-ci il sentyabrın 3-də həyata keçirilib. Bu zaman Corc Buş administrasiyasında vitse-prezident vəzifəsini tutan Dik Çeyni Azərbaycana gəlmişdi.

C.D.Vensin Bakıya səfəri iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın imzalanması ilə də tarixə düşdü.

Sözügedən xartiya Azərbaycan və ABŞ münasibətlərində yeni mərhələnin təməlini qoyur. Daha dəqiq desək, bu sənəd iki ölkə arasında əlaqələri ənənəvi diplomatik əməkdaşlıqdan daha geniş səviyyəyə, yəni strateji tərəfdaşlığa yüksəldir. Belə ki, xartiya Azərbaycan-ABŞ münasibətlərini siyasi, iqtisadi, təhlükəsizlik və texnoloji sahələrdə yeni institusional mexanizmlərlə dəstəkləyəcək.

News about -  ABŞ vitse-prezidentinin tarixi səfəri Azərbaycan üçün nə vəd edir?

Strateji tərəfdaşlıq haqqında xartiyasının mətnində bir sıra mühüm prinsiplər və əməkdaşlıq istiqamətləri əks olunub. Burada əsas olaraq qeyd etmək lazımdır ki, tarixi sənəd enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsini, qlobal enerji bazarlarında sabitliyin möhkəmləndirilməsinə töhfə verilməsini və Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin gücləndirilməsini strateji prioritet kimi müəyyənləşdirir. Bununla yanaşı, sənəd beynəlxalq və regional nəqliyyat-logistika marşrutlarının inkişafını, Orta Dəhlizin səmərəliliyinin artırılmasını, ticarət dövriyyəsinin genişləndirilməsini və iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə şaxələndirilməsini də nəzərdə tutur. Xartiyada eyni zamanda terrorizmə, transmilli cinayətkarlığa və digər qlobal təhdidlərə qarşı koordinasiyalı və birgə mübarizə məsələləri əsas prioritetlərdən biri kimi vurğulanır.

Xartiya bununla yanaşı, hər iki tərəfdən işçi qruplarının yaradılmasını və bu qruplar çərçivəsində əməkdaşlığın illik monitorinqini təşkil etməyi nəzərdə tutur ki, bu da sənədin uzunmüddətli tətbiqini təmin edəcək.

Ümumilikdə Vensin regiona səfəri ABŞ-ın Cənubi Qafqazda daha aktiv rol almaq niyyətinin bir əlamətidir. Eyni zamanda, ekspertlər hesab edirlər ki, bu səfər və Xartiyanın imzalanması həm Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə, həm də ümumilikdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Eyni zamanda, bu yüksəksəviyyəli səfər yuxarı da qeyd etdiyimiz kimi, Azərbaycanla ABŞ arasında münasibətləri yeni səviyyəyə qaldırır və bu əlaqələri yalnız siyasi dialoqdan daha çox, institusional əməkdaşlığa çevirir. Bu strateji əməkdaşlıq həmçinin Azərbaycan üçün iqtisadi, təhlükəsizlik və regional inteqrasiya baxımından yeni imkanlar açır, Regionda sabitlik, inkişaf və qarşılıqlı fayda üçün potensialı artırır.

News about -  ABŞ vitse-prezidentinin tarixi səfəri Azərbaycan üçün nə vəd edir?

ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfərində diqqət çəkən digər məqam isə ondan ibarətdir ki, C.D.Vensin İrəvana səfəri Ermənistanı Rusiyanın bir sıra sahələrdə Rusiyanın dominantlığından və ondan asılılığından çıxarmaq istiqamətində səylərinin davamı təsiri bağışlayır. Lakin vitse-prezidentin Azərbaycanda müzakirə etdiyi mövzuların gündəliyində regiona dair nəqliyyat, texnologiya, enerji, təhlükəsizlik və sairə bu kimi məsələlərin olması Azərbaycanın  artan geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini bir daha nümayiş etdirir.

Yekun olaraq, belə bir nəticəyə gələ bilərik ki, Ceyms Devid Vensin Azərbaycana səfəri yalnız rəsmi protokol səfəri deyil, həm də ABŞ-ın regiondakı geosiyasi strategiyasının yenidən formalaşdırılması prosesinin bir hissəsidir. Bu səfər, ABŞ-ın Cənubi Qafqazda daha fəal rol alma niyyətinin göstəricisidir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol