20 Yanvar - Azərbaycan xalqının mübariz iradəsinin təzahürü
20 Yanvar 2026 12:16   16 Feb 2026 13:09 Paylaş

36 il əvvəl, məhz bu gün Azərbaycan xalqı bütün dünyaya özünün əsl qəhrəmanlıq nümunəsini gözlər önünə sərdi. 1990-cı il 20 yanvar tarixindən dörd onilliyə yaxın zaman keçməsinə baxmayaraq, Azərbaycan xalqı həmin günü öz yaddaşından heç vaxt silməyərək amansızlıqla qətlə yetirilən bacı-qardaşlarının xatirəsini daim əziz saxlayır.

“Stabil.az” bu məqamda həmin dəhşətli faciənin səbəb və nəticələrini, eləcə də tarixdə qoyduğu izə bir daha nəzər salır.

1990-cı il yanvarın 20-də baş verən və ölkə tarixinin səhifələrində “Qara Yanvar” kimi tanınan hadisələr Azərbaycan və bütün postsovet məkanı tarixinin ən faciəli səhifələrindən birinə çevrilib. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin “Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında” Fərmanına uyğun olaraq paytaxt Bakıya daxil olur. Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olub, 400 nəfər həbs edilib, 744 nəfər yaralanıb, daha 4 nəfər isə itkin düşüb. Bu faciə təkcə humanitar fəlakət deyil, həm də SSRİ-nin dağılmasını sürətləndirən və Azərbaycanın müstəqillik arzularını gücləndirən əhəmiyyətli siyasi dönüş nöqtəsi oldu.

1980-ci illərin sonlarında Sovet İttifaqı dərin böhran vəziyyətində idi. Mixail Qorbaçovun yenidənqurma siyasəti mərkəzləşdirilmiş nəzarəti zəiflədir və müttəfiq respublikalarda milli hərəkatların inkişafına imkan yaradırdı. Qarabağ ətrafında gərginləşən münaqişə fonunda Azərbaycanda suverenlik, demokratik islahatlar və ölkənin ərazi bütövlüyünün qorunması tələbləri artmaqda idi.

1990-cı ilin yanvarında mərkəzi hakimiyyət Bakıda fövqəladə vəziyyət rejimi tətbiq edilməsi və sözdə ictimai asayişin bərpa olunması üçün ordudan istifadə barədə qərar qəbul etdi. Burada isə əsas bəhanə olaraq təhlükəsizliklə bağlı təhdidlər yer alırdı. Əslində isə əməliyyat siyasi aktivliyin və kütləvi etirazların güc yolu ilə basdırılması xarakteri daşıyırdı.

News about -  20 Yanvar - Azərbaycan xalqının mübariz iradəsinin təzahürü

Yanvarın 19-dan 20-nə keçən gecə isə Sovet Ordusunun bölmələri paytaxta yeridildi. Zirehli texnika, avtomat silahı, eləcə də hərbi maşınların iştirakı ilə edilən hücum zamanı həm silahlı qruplar, həm də dinc əhali amansızlıqla atəşə tutularaq qətlə yetirildi.

Bununla yanaşı, həmin gecə yaşayış evləri, infrastruktur obyektləri dağıdıldı, maşınlara zərər vuruldu.

Hadisə şahidlərinin və müstəqil araşdırmaçıların sözlərinə görə, Sovet hərbçiləri mülki vətəndaşlar, eləcə də yaralılara yardım etmək istəyən şəxsləri, təcili yardım avtomobillərini də atəşə tutublar. Bu, Azərbaycan cəmiyyətində dərin yaralar açan mənzərələrdən biri idi.

Beynəlxalq ictimaiyyət Bakıda baş verən amansız hadisələrə böyük təşvişlə reaksiya verdi. İnsan haqları təşkilatları mülki əhaliyə qarşı güc tətbiqini pisləyən bəyanatlarla çıxış etdi. Qərb mediası isə bu faciəni sovet sisteminin böhranının və Moskvanın etnik münaqişələri zorakılıqsız idarə edə bilməməsinin nümunəsi kimi qiymətləndirdi. ABŞ-də “Los Angeles Times”, “The New York Times”, “The Washington Post”, “The Christian Science Monitor”, “The Baltimore Sun”, Böyük Britaniyada “The Times”, “The Guardian” qəzetləri, BBC telekanalı və digər ölkələrin media orqanları öz oxucularını “Qara Yanvar” fasiəsinin dəhşəti barədə məlumatlandırıb.

News about -  20 Yanvar - Azərbaycan xalqının mübariz iradəsinin təzahürü

Yaddaşlardan silinməyəcək həmin gün təkcə faciə kimi deyil, həm də ölkəmizin milli qəhrəmanlıq salnaməsinin mühüm səhifəsi və müstəqil dövlətə aparan yolun şərəfli mərhələsi olaraq qiymətləndirilir.

1990-cı il 20 yanvar Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu, sadəcə bir faciə deyil, azadlıq, ləyaqət və milli öz müqəddəratını təyin etmək uğrunda mübarizənin simvolu idi. Həlak olanların xatirəsi müstəqilliyin qiymətini və ən çətin siyasi dövrlərdə belə insan hüquqlarının qorunması zərurətini hər birimizə xatırladır.

Bugünkü Azərbaycan gələcəyini keçmişin dərsləri əsasında qurur desək, yanılmarıq. “Qara Yanvar” hadisələri yaddaşlarda mühüm tarixi bir mərhələ olaraq qalır, azadlığın qurbansız gəlmədiyini və milli müstəqilliyin məsuliyyət, birlik və insan həyatına hörmət tələb etdiyini vurğulayır.

Azərbaycan xalqı qanlı hadisələrdən sonra 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini daim yaşadıb və bugün də yaşatmaqdadır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Bununla yanaşı, faciədən sonra Bakıda keçmiş “XI Qızıl Ordu” metrosunun adı dəyişdirilərək “20 Yanvar” metrostansiyası, Suvorov küçəsi isə “20 yanvar” küçəsi adlandırıldı.

Azərbaycan xalqı hər il bu tarixdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına axışır. Bu xüsusda, Dağüstü parkda yerləşən Şəhidlər xiyabanı anım və milli birlik məkanına çevrilib.

News about -  20 Yanvar - Azərbaycan xalqının mübariz iradəsinin təzahürü

Son olaraq xüsusi vurğulamaq lazımdır ki, vətənimizin azadlığı və müstəqilliyi naminə canını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmur, ailələri və doğmaları isə daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Eyni zamanda, 20 Yanvar faciəsi zamanı sağlamlığını itirən vətən övladlarının sosial müdafiəsi, rifahı və gələcək təminatı da hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi nəzarətindədir.

Şəhid ailələrinin və əlillərin daha yaxşı şəraitdə yaşaması üçün ardıcıl və məqsədyönlü addımlar atılır, onların pensiya təminatı gücləndirilir, mənzil şəraiti yaxşılaşdırılır, sosial rifahı yüksəldən mühüm qərarlar qəbul olunur. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar bu ailələrə göstərilən qayğının bariz nümunəsidir.

Bütün bunların nəticəsində, şəhid ailələrinin sosial təminatı ildən-ilə daha da möhkəmlənir və dövlətimizin onlara olan mənəvi borcu real dəstək və diqqət ilə ifadə olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol