SOCAR Özbəkistanda 2 milyard dollarlıq layihəyə qoşulub
28 Avqust 2026 10:44   Paylaş

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə SOCAR prezidenti Rövşən Nəcəf yeni əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.

Tərəflər iki ölkə arasında ticari-iqtisadi və investisiya tərəfdaşlığının mövcud vəziyyətini və genişləndirilməsi perspektivlərini, həmçinin mövcud birgə layihələrin praktiki icrasını və energetika və sənaye sahələrində yeni perspektivli təşəbbüslərin hazırlanmasını müzakirə ediblər.

Bundan əlavə, danışıqların yekununda tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsinə, qarşılıqlı ticarətin həcminin artırılmasına və strateji layihələrin sürətli şəkildə irəliləməsinə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

Nazirliyin məlumatına görə, SOCAR Özbəkistanda təxminən 2 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu olan karbohidrogen resurslarının mənimsənilməsi üzrə ("Üstyurt" - red.) layihənin həyata keçirilməsində iştirak edir.

Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişini imzalayıblar.

SOCAR geoloji-kəşfiyyat işlərinin aparılması mərhələsində operator qismində çıxış edəcək. Sazişin şərtlərinə uyğun olaraq, ən azı min kv. km sahədə 3D seysmik kəşfiyyat işlərin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır.

Proqnozlara görə, "Üstyurt" bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Layihə işə salındıqdan sonra Üstyurt yaylasında ildə 5 milyon ton neft hasil etmək imkanının yaranacağı güman edilir.



Stabil.Az