Mikayıl Cabbarov: SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur
23 Avqust 2026 18:35   23 Aug 2026 23:46 Paylaş

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bu gün Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda bildirib.

Nazir xatırladıb ki, Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR "Uzbeknefteqaz" və Britaniyanın "BP" şirkəti ilə tərəfdaşlıq çərçivəsində investor qismində Özbəkistan regionlarının birində yerləşən perspektivli "Üstyurt" yatağının işlənməsində fəal iştirak edir.

"Bizə göstərilən etimadı yüksək qiymətləndiririk. SOCAR qardaş Özbəkistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Həmçinin bu gün Özbəkistanın pərakəndə ticarət bazarına daxil olunacağı, yanacaqdoldurma məntəqələri şəbəkəsinin tikintisinə investisiyalar yatırılacağı rəsmən elan ediləcək", - M.Cabbarov vurğulayıb.

Nazir əlavə edib ki, "AzerGold" QSC özbəkistanlı həmkarları ilə tərəfdaşlıq çərçivəsində geoloji-kəşfiyyat işləri aparacaq və hasilatla məşğul olacaq.

"Bütün bu fəaliyyət Özbəkistanın regionlarında həyata keçirilir", - M. Cabbarov əlavə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol