Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 12-yə çatıb
27 Avqust 2026 15:58   Paylaş

Əlcəzairdə genişmiqyaslı meşə yanğınları nəticəsində 12 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Əlcəzairin daxili işlər, yerli özünüidarəetmə və nəqliyyat naziri Səid Sayud bildirib.

Nazir ölkənin şimalında yerləşən Becaya şəhərinə səfəri zamanı deyib ki, yanğınlar nəticəsində ölən və xəsarət alanların olduğu təsdiqlənib. Zərərçəkənlərə tibbi və digər zəruri yardım göstərilir.

Məlumata görə, avqustun 26-da Əlcəzair ərazisində 37 yanğın ocağı qeydə alınıb. Onlardan beşi ölkənin şimal-şərqində yerləşən Cijel vilayətində baş verib.

Yanğınlar səbəbindən bir neçə ailə təhlükəsiz ərazilərə təxliyə edilib. Hadisələrin baş verdiyi bölgələrdə yanğının söndürülməsi və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.



Stabil.Az