Azərbaycanın ŞƏT ilə əməkdaşlığı Avrasiya siyasətində strateji mərhələ və Türk dünyasının inteqrasiyasında yeni körpüdür - ŞƏRH
31 Avqust 2026 15:58   31 Aug 2026 16:36 Paylaş

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrinin inkişafı həm ölkənin regional siyasətində, həm də Türk dünyasının inteqrasiyasında mühüm mərhələdir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı politoloq Aydın Tağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın ŞƏT-də dialoq üzrə tərəfdaş statusu Avrasiya məkanında onun siyasi çəkisini nəzərəçarpacaq dərəcədə artıraraq, ölkənin yalnız regional təşəbbüslərin iştirakçısı kimi deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasına imkan yaradır.

“Bu addım Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyasının uğurlu nəticəsi olaraq, ölkənin həm Şərq, həm də Qərb güc mərkəzləri ilə balanslı münasibətlər qurmasına şərait yaradır və onu beynəlxalq münasibətlər sistemində sabitlik yaradan mühüm aktora çevirir. Digər tərəfdən onu qeyd edim ki, Azərbaycan enerji resursları və tranzit imkanları ilə ŞƏT ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu əməkdaşlıq Orta Dəhliz layihəsi ilə daha da aktuallaşır ölkəmiz üçün yeni, daha uğurlu birgə əməkdaşlıq qapıları açır. ŞƏT çərçivəsində ticarət, investisiya və maliyyə əməkdaşlığı Azərbaycanın iqtisadiyyatına yeni bazarlar açmaqla yanaşı, ölkənin regional iqtisadi inteqrasiyasını da gücləndirir. Bu əməkdaşlıq Azərbaycanın ixrac imkanlarını genişləndirərək, qeyri-neft sektorunun inkişafına və yeni investisiya axınlarının cəlb edilməsinə şərait yaradır. Xüsusilə Çinlə imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi bu prosesin möhkəmlənməsinə xidmət edərək, Azərbaycanı Avrasiya iqtisadi məkanında daha etibarlı tərəfdaş kimi mövqeləndirir. Burada digər əhəmiyyətli addım da odur ki, ŞƏT-in əsas missiyalarından biri regional sabitlik və terrorizmə qarşı mübarizədir. Azərbaycan bu platformada iştirak etməklə öz milli təhlükəsizlik maraqlarını daha geniş müstəvidə müdafiə edir.

Əminliklə deyə bilərəm ki, Azərbaycanın ŞƏT-də iştirakı Türk dünyası üçün strateji əhəmiyyət daşıyır və bu, bir neçə mühüm istiqamətdə özünü göstərir. İlk növbədə, Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə ŞƏT arasında körpü rolunu oynayaraq, Türk dövlətlərinin Avrasiya miqyasında daha güclü təmsil olunmasına şərait yaradır. Bununla yanaşı, Azərbaycanın tranzit imkanları Orta Dəhliz layihəsinin inkişafına xidmət edir və bu dəhliz Türk dünyasını Avropa ilə Asiya arasında strateji xəttə çevirir. ŞƏT çərçivəsində mədəniyyət, təhsil və humanitar əməkdaşlıq isə türk xalqlarının bir-birinə daha yaxınlaşmasına, ortaq dəyərlərin möhkəmlənməsinə imkan verir. Nəhayət, Türk dövlətlərinin ŞƏT platformasında iştirakı Avrasiya məkanında yeni geosiyasi balans formalaşdıraraq, həm siyasi, həm də iqtisadi baxımdan Türk dünyasının mövqeyini gücləndirir”, - deyə A.Tağıyev əlavə edib.

Politoloq deyib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın ŞƏT-də dialoq üzrə tərəfdaş statusu sadəcə formal bir qərar deyil, ölkənin regional liderlik missiyasını qlobal miqyasda təsdiqləyən mühüm strateji mərhələ kimi dəyərləndirilir: “Azərbaycanın ŞƏT çərçivəsində iştirakı həm Şərq, həm də Qərb güc mərkəzləri ilə balanslı əməkdaşlıq qurmasına imkan verərək, ölkənin çoxvektorlu xarici siyasətinin uğurlu nəticəsini nümayiş etdirir. Bu proses, eyni zamanda, Azərbaycanın Orta Dəhliz üzərindəki strateji mövqeyini gücləndirir, regionlararası inteqrasiyanın aparıcı aktorlarından birinə çevrilməsinə şərait yaradır”.



Stabil.Az