Azərbaycan 2030-cu ilə qədər turizm sektorunda 40 % real artım hədəfləyir
Azərbaycan hökuməti 2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40 % real artım hədəfləyir.
"Stabil.az" "Report"a xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, gələn il sektorda 8,5 milyard manatlıq əlavə dəyər formalaşdırılacaq. Bu rəqəmin 2030-cu ildə 12,2 milyard manata çatdırılması hədəflənir.


Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın turizm sektorunun regional və qlobal rəqabət qabiliyyəti gücləndiriləcək, ölkə dayanıqlılıq prinsipləri əsasında müxtəlif turizm növləri üzrə yüksəkkeyfiyyətli turizm təcrübəsi təqdim edən rəqabətqabiliyyətli destinasiyaya çevriləcəkdir. Turizm potensialından səmərəli istifadə genişlənəcək, yerli və xarici investisiyaların cəlb edilməsi təşviq olunacaq, regionların balanslı sosial-iqtisadi inkişafı dəstəklənəcək, yeni iş yerləri yaradılacaq, regionlarda məşğulluq və əhalinin pul gəlirləri artacaq, eyni zamanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı payının artırılmasına töhfə veriləcəkr.
Bununla yanaşı, turizm infrastrukturu müasirləşdiriləcək, turizm xidmətlərinin keyfiyyəti yüksəldiləcək və turist axınının davamlı artımı təmin ediləcək. Bununla belə, regional və qlobal səviyyədə geosiyasi vəziyyətin gərginləşməsi, beynəlxalq münaqişələrin baş verməsi və yoluxucu xəstəliklərin kütləvi şəkildə yayılması Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərin tam icrasına maneələr yaranmasına, habelə ayrı-ayrı hədəf göstəricilərindən qismən kənarlaşmalara səbəb ola bilər.
Haqqımızda
Əlaqə





